12:25
2026-cı ildə proqramlaşdırmaya necə başlamaq olar? Tural Süleymani süni intellekt, “junior” işləri və xaricdə karyera haqqında

“Microsoft MVP” dərəcəsinə sahib proqramçı və mentor Tural Süleymani “Techzone Talks”da müsahibəsində süni intellektin proqramlaşdırmaya təsiri, 2026-cı ildə proqramlaşdırmaya başlamağın çətinlikləri, “junior” proqramçıların iş tapması, xaricdə iş imkanları, texniki müsahibələr və “LinkedIn” üzərindən iş axtarışı ilə bağlı danışıb.
10 ildən artıqdır proqramlaşdırma sahəsində mentorluq və tədris fəaliyyəti ilə məşğul olan Tural Süleymani, eyni zamanda uzun illər xarici şirkətlərdə işləyib və qlobal iş bazarı ilə bağlı geniş təcrübəyə malikdir.
Müsahibədə o, xüsusilə bir məsələyə diqqət çəkib: süni intellekt proqramçıların işini tamamilə əlindən almaqdan daha çox, onların iş modelini dəyişir. Lakin bu dəyişiklikdən faydalanmaq üçün proqramçı texnologiyanın arxasında dayanan fundamental biliklərə sahib olmalıdır.

“2026-cı ildə sıfırdan proqramlaşdırmaya başlamaq əvvəlkindən daha çətindir”
Tural bəy, gəlin ən əvvəldən başlayaq. Bizi izləyənlər arasında proqramlaşdırmaya yeni başlayanlar, tələbələr və hətta ixtisasını dəyişmək istəyən insanlar var. Süni intellekt hazırda demək olar ki, bütün sahələrə təsir edir və öyrənmə prosesini də asanlaşdırır. Bəs bu gün proqramlaşdırmaya başlamaq istəyən insan haradan başlamalıdır? Əvvəllər müəyyən standart yol xəritəsi var idi. İndi həmin yol xəritəsi dəyişibmi?
– Məncə, bu məsələyə kompleks yanaşmaq lazımdır. İlk növbədə tələbənin qarşısına qoyduğu məqsəddən çox şey asılıdır. Əgər məqsəd yalnız Azərbaycan bazarında işləməkdirsə, bir yol xəritəsi var. Əgər məqsəd xarici bazarda “remote” işləməkdirsə, tamam başqa yanaşma lazımdır. Relokasiya etmək istəyirsənsə, yenə vəziyyət dəyişir. Hətta işləmək istədiyin ölkənin özünə görə də yol xəritəsi fərqlənə bilər.
Amma hansı bazara yönəlməyinizdən asılı olmayaraq, bilməli olduğunuz fundamental biliklər var.
İlk növbədə proqramlaşdırmanın əsaslarını çox yaxşı bilmək lazımdır. Buna “software fundamentals” deyirik. Ən sadə “network” və protokolların necə işləməsindən tutmuş, operativ yaddaşda dəyişənlərin necə “allocate” olunmasına, “concurrent programming” və “multithread” proqramlaşdırmanın praktikada necə tətbiq edilməsinə qədər bir çox mövzular var. Bunlar standart biliklərdir. İstər “Java”, istər “C#” öyrənin, bu mövzuların hamısı qarşınıza çıxacaq.
Əsas proqramlaşdırma dili üzərindən bu mövzuları yaxşı öyrənmək lazımdır. Daha sonra isə bazara uyğun olaraq istiqaməti dəyişmək mümkündür. Məsələn, elə bazara yönələ bilərsiniz ki, orada “microservices” bilikləri vacib olsun. Başqa bazarda “Kafka” və “Kubernetes” tələb oluna bilər. Elə bazar da var ki, bu qədər dərin biliklərə ehtiyac yoxdur.
Məsələn, ortada vasitəçi şirkət varsa, Belarus, Ukrayna və Rusiya kimi regionlardakı bəzi şirkətlərdə müsahibələr o qədər də ağır keçmir. Müəyyən proqramlaşdırma dilini yaxşı bilirsinizsə, bir verilənlər bazası ilə işləməyi bacarırsınızsa və “software development life cycle” haqqında müəyyən anlayışınız varsa, bu, bəzi şirkətlər üçün kifayət edə bilər.
Xaricdə iş məsələsinə də toxundunuz. Sizcə, yeni başlayanlar hansı bazarlara müraciət etməlidirlər? Universiteti yeni bitirən tələbə özünə necə iş tapa bilər? Çünki artıq vakansiyalarda əsasən “middle” və “senior” mütəxəssislər axtarılır. “Junior”lara ehtiyacın azaldığını görürük. Bu halda tələbə nə etməlidir?
– Vəziyyətdən çıxmağın bir neçə yolu var. Ən sadə variantlardan biri hazırda universitetdə oxuyan və ya yeni başlayan şəxsin xaricdə təhsil yolunu seçməsidir. Bu, hazırda qarşısında “yaşıl işıq” olan əsas yollardan biridir.
Burada müəyyən biliklər əldə edirsiniz. Məsələn, “Java” və ya “Python” öyrənirsiniz, verilənlər bazası ilə işləməyi mənimsəyirsiniz, iki-üç real layihə hazırlayırsınız. Amma “real layihə” deyəndə sadəcə “CRUD” tətbiqini nəzərdə tutmuram. Bir az biznes dəyəri olan layihələr hazırlamaq lazımdır.
Sonra bu layihələri öz portfelinizə əlavə edirsiniz və həmin biliklərlə xaricdə təhsil almağa gedirsiniz. Təbii ki, ixtisasınızın kompüter elmləri və ona yaxın sahələrdən olması daha yaxşıdır. Əks halda çox böyük effekt əldə etmək çətinləşir.
Burada universitet seçimi də böyük rol oynayır. Məsələn, mənim bir tələbəm Tartu Universitetində oxuyurdu. “Microsoft”dan nümayəndələr gəlib tələbələrin biliklərinə baxdılar. Müəyyən müzakirələr oldu və həmin tələbəni “intern” olaraq götürdülər. Üç ay sonra isə ona rəsmi iş təklifi verdilər. Amma normal şəkildə “Software Development” üzrə işə müraciət etsəniz, daha çətin prosesdən keçirsiniz. “Algorithms”, “data structures”, “system design”, “behavioral questions”, “high-level design”, “detailed design” və sair. Beş-altı mərhələdən keçmək lazım gələ bilər.
Ona görə təhsil bu prosesdə bir növ qısa yol ola bilər. Digər tərəfdən, “junior” olmağınızdan asılı olmayaraq, öz üzərinizdə işləməlisiniz. İndiki dövrdə öz üzərində işləməyən proqramçının nəinki gələcək ili, gələcək ayı belə olmaya bilər.
Azərbaycanda da “junior” səviyyəsində proqramçı qəbul edən şirkətlər var. Bu imkanlardan istifadə etmək lazımdır. Burada təcrübə toplayırsınız, öyrənirsiniz və daha sonra həmin təcrübə ilə Avropa və Amerika şirkətlərinə çıxa bilərsiniz. Mən Azərbaycanı sadəcə bir vasitə kimi istifadə edin demirəm. Sadəcə bu, mümkün variantlardan biridir. Universitet, kurs, yoxsa özünöyrənmə?
Azərbaycanda hazırda proqramlaşdırma öyrədən çoxsaylı kurslar var. Bəzən bu proses bir-iki il çəkir. Universitetlər də hər il yeni məzunlar buraxır. Belə bir rəqabət mühitində proqramlaşdırmanı necə öyrənmək lazımdır ki, insan rəqabətə tab gətirə bilsin?
– Kurslar və universitetlərdə proqramlaşdırmanın tədrisi ilə bağlı əsas problemlərdən biri praktika məsələsidir. Xüsusilə bizim universitetlərdə vəziyyət son illərdə xeyli yaxşılaşıb. Mən bunu müşahidə edirəm. Əvvəlki kadrlar tədricən daha praktik yönümlü kadrlarla əvəzlənir. Əvvəllər proqramlaşdırma üzrə 20, 30, hətta 50 il dərs demiş professorlar var idi, amma real sənaye təcrübələri yox idi.
İndi isə vəziyyət dəyişir. Mənim yaxın dostlarım və tanışlarım arasında universitetlərdə dərs deyən insanlar var. Baxıram ki, universitetlər artıq real öyrətməyə doğru yönəlirlər və bazarı izləyirlər. Çünki indiki bazarda yalnız nəzəriyyə ilə yaşamaq mümkün deyil. Amma yalnız praktika ilə də yaşamaq mümkün deyil.
Nəzəriyyə və praktika vəhdətdə olmalıdır. Mən “LinkedIn” paylaşımlarında da bu məsələyə tez-tez toxunuram. Mentor olacaq insanın mütləq praktikası olmalıdır. Mənim fikrimcə, mentorun ən azı bir neçə fərqli şirkət və fərqli domen görməsi çox vacibdir. Bu, həmin insanın müxtəlif yanaşmaları tanımasına imkan verir. Amma burada da bir balans var. Üç şirkəti bir ildə dəyişmək normal standart deyil. Məncə, ən azı beş illik təcrübəsi olan və iki-üç fərqli şirkətdə çalışmış insanın mentor kimi daha geniş baxışı olur. Bunun üzərinə bir xüsusiyyət də əlavə edilməlidir: insan öz fikrini izah etməyi bacarmalıdır.
Çox yaxşı “developer” ola bilərsiniz, amma fikrinizi ifadə edə bilməyə bilərsiniz. Əksinə, fikrini çox gözəl ifadə edən, amma arxasında praktiki biliyi olmayan insan da ola bilər. Bu iki xüsusiyyət birlikdə olmalıdır. Mən bunu belə təsəvvür edirəm: biri ruhdur, biri bədən. Nəzəriyyə və praktika birlikdə yaşamalıdır. Əks halda insanlar sadəcə vaxt itirəcəklər.
“Üç il proqramlaşdırma öyrənib heç nə öyrənməmək mümkündür”
Yəni insan proqramlaşdırmanı illərlə öyrənib yenə də hazır olmaya bilər?
– Əlbəttə. Proqramlaşdırmanı elə bir formaya salmaq olar ki, mən sizə üç il proqramlaşdırma keçim, amma siz üç ilin sonunda heç nə öyrənməyəsiniz. Problem müddətdə deyil. Problem öyrənmə yanaşmasındadır.
Süni intellektin bu qədər inkişaf etdiyi və hər gün yeni rəqəmlərin ortaya çıxdığı dövrdəyik. Məsələn, “Anthropic” tərəfindən yayımlanan bir araşdırmada proqramlaşdırma ilə bağlı yüksək avtomatlaşdırma riski qeyd olunurdu. Bəzi statistikalar proqramlaşdırmanın böyük risk daşıdığını göstərir. Belə bir vəziyyətdə biz necə proqramlaşdırma öyrənməliyik ki, süni intellekt bizi əvəz etməsin?
– İlk növbədə bir şirkətin açıqladığı statistikanı mütləq həqiqət kimi qəbul etmək düzgün deyil. “Anthropic” əlbəttə ki, ciddi və hörmətli şirkətdir. Amma bir şirkətin apardığı araşdırma gələcəyin mütləq belə olacağı anlamına gəlmir. 1960-cı illərdə “COBOL” ortaya çıxanda da deyirdilər ki, artıq proqramçıya ehtiyac olmayacaq. Sonra proqramlaşdırma necə inkişaf etdi? “C++” yarandı, daha sonra müasir obyekt yönümlü proqramlaşdırma dilləri ortaya çıxdı.
Hələ də bazarda müxtəlif proqramlaşdırma dilləri ətrafında böyük “community”lər var. Mən düşünmürəm ki, süni intellekt bütün proqramçıları bazardan siləcək. Belə bir vəziyyət görmürəm. Gəlin öz təcrübəmdən danışım. Mən də süni intellekt alətlərindən kifayət qədər aktiv istifadə edirəm. Məsələn, kod nümunəsi yazdırıram. “Prompt”u düzgün verirəm, “spec-driven development” və digər yanaşmalardan istifadə edirəm. Amma əsas məsələ budur:
Əgər mən süni intellektin yaratdığı kodu başa düşmürəmsə, onu necə idarə edə bilərəm?
Tutaq ki, mən şirkətin gələcək məhsulunu həmin kodun üzərində qurmalıyam. Hər iterasiyada süni intellektdən kod alıb birləşdirsəm, amma həmin kodu başa düşməsəm, nəticədə böyük bir “zibil toplusu” ortaya çıxacaq. O kodu idarə edə bilməyim üçün nə lazımdır? Həmin kodun necə işlədiyini bilməliyəm. Ona görə süni intellekt məni harada əvəz edir? Əksinə, işimi asanlaşdırır. Amma burada başqa bir məsələ var. Süni intellekt mənim iş saatımı azaltmır. Mən səkkiz saat işləyirdimsə, şirkətlər deyirlərmi ki, “AI gəldi, artıq altı saat işləyin”? Çox nadir hallarda.
Əvvəllər bir ay ərzində səkkiz “task” yerinə yetirirdinsə, indi 80 “task” yerinə yetirirsən. Yenə həmin səkkiz saat işləyirsən. Bu halda daha çox qazanan kimdir? Şirkət.
Texnologiya inkişaf etdikcə iş yükü də artır. 15 il əvvəl mən sadəcə “C#” və “SQL” ilə işləməyə başlamışdım. İndi isə proqramçıdan daha çox texnologiya tələb olunur. Deyirlər ki, “get təlimə, get kursa, özünü inkişaf etdir”. İllər keçdikcə proqramçının üzərinə düşən yük artır. Əvvəllər iki texnologiya bilməli idinsə, indi səkkiz texnologiya bilməlisən. Məsələn, tanıdığım bir şirkətdə “frontend” komandası işdən çıxarılır və “backend” komandasına deyilir ki, artıq “full-stack AI” işləyəcəksiniz.
Bəs kimin işi azaldı? Heç kimin. “Frontend” komandası işsiz qaldı, “frontend”in yükü isə “backend” komandasının üzərinə qoyuldu. Yəni yenə də qazanan şirkət oldu. İş yerlərinin müəyyən hissəsinin itirilməsi təbii ki, baş verəcək. Bu, qaçılmazdır. Amma bazardan kim silinməyəcək? İşini bilən insanlar.
“2026-cı ildə sıfırdan proqramlaşdırmaya başlamaq əvvəlkindən daha çətindir”
Əvvəldən bazara daxil olanların indiki dövrdə müəyyən üstünlüyü var. Çünki 2026-cı ildə sıfırdan proqramlaşdırmaya başlamaq bizim vaxtımızda proqramlaşdırmaya başlamaqdan daha çətindir. Bunu qəbul etmək lazımdır. İldən-ilə hər şey çətinləşir. Əvvəllər relokasiya etmək daha asan idi. İndi isə ölkələrdə qaydalar sərtləşib. Bir çox yerdə immiqrasiya prosesləri çətinləşir. Amma bu, indi başlamaq olmaz demək deyil.Sadəcə, indi başlayan insan daha planlı və daha ciddi hazırlaşmalıdır.
Bəs süni intellekt hansı proqramçıların işini asanlaşdırır, hansıların işini çətinləşdirir və kimlərin işini əlindən ala bilər?
– Burada baxış bucağı çox önəmlidir. Məsələn, stəkanın yarısının dolu, yoxsa yarısının boş olmasına baxa bilərsiniz. “Junior” proqramçıların işi müəyyən mənada asanlaşıb. Çünki artıq məlumat əldə etmək çox asandır. Bizim vaxtımızda kitab axtarırdıq, “PDF” tapırdıq, “Stack Overflow”da saatlarla axtarış edirdik. İndi isə istənilən normal “LLM” alətini götürürsünüz və proqramlaşdırma ilə bağlı sualınızı verirsiniz. Üstəlik, bunu danışıq formasında edə bilərsiniz. Deyirsiniz ki, “mənə bunu ən sadə formada izah et” və izah edir.
Bu baxımdan bilik əldə etmək çox asanlaşıb. Amma mənfi tərəfi də var. “Junior”ların bazara daxil olması çətinləşib. Azərbaycan bazarı üçün bunu 100 faiz eyni səviyyədə deməzdim. Bizdə hələ də “junior developer” qəbul edən şirkətlər var. Xarici şirkətlər arasında da belə şirkətlər mövcuddur. Amma onların sayı əvvəlkindən azalıb. Kimlər bazardan kənarda qalacaq? Öz üzərində işləməyənlər. İşə qəbul olandan sonra rahatlaşan, “mənim işim var, artıq hər şey yaxşıdır” deyən insanlar gələcəkdə ciddi çətinlik yaşayacaqlar.
Fərqi yoxdur, “CTO” olun, “junior” olun. Mütləq şəkildə öz üzərinizdə işləməli, zamanın tələbinə uyğun texnologiyaları araşdırmalı və onları öz proqram təminatınıza, öz ekosisteminizə tətbiq etməlisiniz. Texnologiyanı izləyən insanlar bazarda qalacaqlar.
“Junior developer” bütün kodu süni intellektə yazdırmamalıdır
Bəs bir “developer” süni intellektlə necə işləməməlidir?
– “Developer”dən “developer”ə dəyişir. Əgər “junior developer”sinizsə və bütün tapşırıqları süni intellektə yazdırırsınızsa, qısa müddətdə qazanc əldə edirsiniz, amma uzun müddətdə uduzursunuz. Çünki artıq özünüz düşünmürsünüz.
Mən “LinkedIn”də belə bir hadisə ilə bağlı paylaşım görmüşdüm. Xarici müsahibə götürən şəxs yazmışdı ki, beş il təcrübəsi olan “React developer” müsahibəyə qoşulub.
Ondan soruşublar: “Class necə yazılır?” Yaza bilməyib. Təsəvvür edin, beş il təcrübəsi olan insan ən fundamental şeylərdən birini yaza bilmir. Bu, zamanla yarana biləcək problemdir. Ona görə “junior developer” ilk növbədə özü yazmağa çalışmalıdır. Ən azı beynində bir ideya olmalıdır: “Bu problemi mən belə həll edərdim”.
Sonra süni intellektdən istifadə edə bilər. Daha yaxşı variant isə budur: əgər şirkət buna imkan yaradırsa, əvvəlcə özü yazsın, sonra süni intellekt vasitəsilə yoxlasın. Baxsın ki, harada səhv edib, nəyi əskik qoyub. Həmin səhvləri qeyd etsin və daha sonra onların üzərində işləsin. “Junior developer” başa düşməlidir ki, süni intellekt onu əvəz etməyə gəlməyib.
Süni intellekt onun daha sürətli inkişaf etməsinə kömək etmək üçün gəlib.
Bəs sizin gündəlik işiniz necədir? Səhər işə başlayanda hansı alətlərdən istifadə edirsiniz?
– Bir çox alətdən istifadə edirəm. Məsələn, “ChatGPT”, “Cursor”, “Gemini”, “Claude” və bazarda adı hallanan digər alətlərdən mütəmadi istifadə edirəm. Daha çox kod yönümlü olmayan, bir şeyin fəlsəfəsini dərindən başa düşmək, diskussiya aparmaq istəyirəmsə, “ChatGPT”yə üstünlük verirəm. Kod tərəfdə isə son zamanlar daha çox “Cursor” istifadə edirəm. Mən hazırda “Engineering Manager” kimi çalışıram. Amma əslində beş-altı fərqli işi bir yerdə görürəm.
“Solution Architect”, “Enterprise Architect” və “Engineering Manager” funksiyaları müəyyən mənada birləşir. Bu mənə fərqli “case”lərdə özümü sınamaq imkanı verir. Məsələn, arxitekturanı dizayn edəndə öz fikirlərimi verirəm: bu modullar olacaq, sistem belə qurulacaq. Amma onun sənədləşdirilməsinə saatlarla vaxt sərf etmək istəmirəm. Bu işi süni intellekt alətlərinə verirəm.
Çünki görəcəyim çoxlu iş var. Üç-dörd saatımı sənəd yazmağa və diaqram çəkməyə sərf edə bilərəm. Halbuki həmin işi daha sürətli şəkildə süni intellektə gördürmək mümkündür.
Biznes “case”lərini müəyyənləşdirdikdən sonra onları “user story”lərə bölmək, “product backlog” üçün düzgün struktur yaratmaq və fikirləri formalaşdırmaqda da süni intellekt mənə çox kömək edir.
Kod standartlarını özüm müəyyənləşdirirəm.
Amma həmin standartların sənədləşdirilməsini süni intellektə verirəm. Arxitekturanın əsas elementlərini özüm müəyyənləşdirirəm, onların yazılı formasını isə alətə verirəm. Sonra həmin arxitektura üzərində kod standartlarını müəyyənləşdiririk və kodun bu standartlara uyğun yazılmasına nəzarəti də süni intellekt alətlərindən istifadə etməklə avtomatlaşdırıram. Əsas və ağır modulları isə özüm yazıram.
Yəni təxminən 50/50 yanaşmadır. Bəzi işlərdə isə süni intellektdən daha çox istifadə edirəm. “Süni intellekt gəldikdən sonra tasklarım azalmayıb, əksinə artıb”
Bəs sizin “task”larınız azalıb, yoxsa artıb?
– Qəti şəkildə azalmayıb. Əksinə, işlərim daha da çoxalıb. Məsələn, Amerika şirkətində hansısa tapşırığı iki-üç günə həll edirsinizsə, artıq bu bir az müəmmalı görünür. Çünki əlinizdə süni intellekt alətləri var və bir çox işi daha sürətli görmək mümkündür.
Təbii ki, tapşırığın həcmi və mürəkkəbliyindən də asılıdır. Amma ümumi iş yükümüz əksinə çoxalıb. Xaricdə iş tapmaq üçün müsahibəyə necə hazırlaşmalı?
Siz xaricdə iş və iş müsahibələri ilə bağlı faydalı paylaşımlarınızla tanınırsınız. Eyni zamanda xaricdə yeddi illik təcrübəniz var. İzləyicilər üçün maraqlı olar ki, sizin təcrübənizdən faydalansınlar. Bir çox “developer”in əsas arzusu qlobal şirkətin bir hissəsi olmaqdır. Xüsusilə Amerika və Avropada fəaliyyət göstərən texnologiya şirkətlərində işləmək istəyirlər. Amma proses çətindir: “HR” müsahibəsi, texniki müsahibə, “CV”nin filtrlərə uyğunlaşdırılması və s. Bu halda müsahibəyə necə hazırlaşmaq lazımdır?
Bir insan sizə “mütləq belə hazırlaş” deyirsə, böyük ehtimalla onun həll yolu tam doğru deyil. Çünki müsahibəyə yanaşma ölkədən, şirkətdən və vəzifədən asılıdır.
Məsələn, Norveç, İsveç və Finlandiya kimi Skandinaviya ölkələri ilə birbaşa müsahibəyə girirsinizsə, yanaşma tamam başqadır. “Microsoft”, “Amazon”, “Meta” kimi “big tech” şirkətlərinə hazırlaşırsınızsa, yenə başqa cürdür. Ortada vasitəçi şirkət varsa, vəziyyət tamam fərqlidir. Ona görə mən həmişə deyirəm: işi bilən adamla məsləhətləşəndə ümumi yanaşmadan konkret yanaşmaya keçirsiniz.
“Avropada necə iş tapım?” sualı çox ümumidir. “Norveçdə senior developer kimi necə iş tapa bilərəm?” artıq konkret sualdır. Şərqi Avropa başqadır, Skandinaviya başqadır.
Skandinaviya ölkələrində texniki müsahibələr necə keçirilir? Skandinaviyada öz iştirak etdiyim müsahibələrdən nümunə deyim. Bir çox ölkədə “Alva Labs” kimi platformalardan istifadə olunur. Burada sizin məntiqi yanaşmanız ölçülür.
Təxminən magistratura səviyyəsində məntiq suallarını xatırladan, hətta daha “advanced” formada suallar verilir. Sadədən mürəkkəbə doğru təxminən 20 sual ola bilər və topladığınız bala əsasən növbəti mərhələyə keçib-keçmədiyiniz müəyyənləşir.
Sonra “HR” görüşü keçirilir. Burada profilinizə baxılır və müraciət etdiyiniz vəzifəyə uyğunluğunuz yoxlanılır. Daha sonra “home assignment” göndərilə bilər. Xüsusilə İsveç, Norveç və Finlandiyada belə yanaşmalara rast gəlmək mümkündür. Sizə bir tapşırıq verirlər və deyirlər ki, həll edin. Süni intellekt alətlərindən istifadə edə bilərsiniz. Bununla bağlı problem yoxdur. Amma növbəti mərhələdə sizin yazdığınız kodu müdafiə edə bilməyiniz gözlənilir. Məsələn, deyirsiniz: “Bəli, burada süni intellektdən istifadə etmişəm”. Soruşurlar: “Niyə?” Siz də izah edirsiniz ki, məsələn, “class mapping” üçün istifadə etmişəm və ya müəyyən statik əməliyyatı avtomatlaşdırmaq istəmişəm.
Burada əsas məsələ sizin nə etdiyinizi bilməyinizdir. “Home assignment”ı keçdikdən sonra texniki müzakirə və digər mərhələlər ola bilər. Bəzi şirkətlərdə proses iki-üç mərhələdən ibarətdir, bəzi şirkətlərdə isə altı-səkkiz ay davam edə bilər.
“Big Tech” müsahibələri niyə daha çətindir?
“Big Tech” şirkətlərində vəziyyət daha çətindir. Orada “algorithms”, “data structures”, “system design” və digər mövzuları daha dərindən bilməlisiniz. “Microsoft”, “Amazon”, “Meta” kimi şirkətlərdə “behavioral questions” da vacibdir. Sizdən “high-level design” və “detailed design” də tələb oluna bilər.
Təsəvvür edin ki, universitetdə dörd il ərzində öyrəndiyiniz mövzuların daha təkmil formasını sizdən istəyirlər. Vasitəçi şirkətlər vasitəsilə xaricdə iş tapmaq mümkündürmü? Ortada vasitəçi şirkətlər də var. Məsələn, Ukrayna şirkətləri üzərindən işə qəbul prosesləri ola bilər. “HR” sizinlə görüşür. Sonra sizi ayrıca müsahibə edirlər. Daha sonra sizin profilinizi müştəri şirkətə təqdim edirlər.
Burada iki vəziyyət ola bilər. Bəzən vakansiya artıq bağlanmış olur, amma sizi yenə müsahibə edirlər. Bu da mənim başıma gəlib. Digər halda isə vasitəçi şirkət sizi əvvəlcədən texniki baxımdan qiymətləndirir və müştəri şirkətdə proses daha sadə keçir. Belə şirkətlərdə sizdən əsasən konkret texnologiyalar üzrə bilik tələb olunur. Məsələn, “C#”ın incəlikləri, “Java”nın detalları, verilənlər bazası və s.
“Big Tech” şirkətlərində isə daha dərin biliklər tələb olunur. Əgər bu biliklərə hələ sahib deyilsinizsə, vasitəçi şirkətlər karyeraya başlamaq üçün yaxşı variant ola bilər.
Orada işləyirsiniz, “global” təcrübə əldə edirsiniz və daha sonra həmin təcrübə ilə başqa şirkətlərə müraciət edə bilərsiniz. “LinkedIn” xaricdə iş tapmaq üçün kifayətdirmi?
Xaricdə iş tapmaq üçün müəyyən platformalar var. Ən başlıcası “LinkedIn”dir. Amma “LinkedIn”də müraciət etdiyiniz vakansiyanın həqiqətən oxunub-oxunmadığını bilmirsiniz. Bəzən ümumiyyətlə geri dönüş də olmur. Daha yaxşı alternativlər varmı?
– “LinkedIn” hazırda iş bazarının əsas ürəyidir. Amma “LinkedIn”dən şüurlu istifadə etmək lazımdır. Mən öz işlərimin bir hissəsini “LinkedIn” vasitəsilə əldə etmişəm. Amma burada ciddi problem də var: saxta şirkətlər və saxta vakansiyalar. Bəzi insanlar özlərini şirkət kimi təqdim edir, milyonlarla izləyiciləri olur və saxta iş elanları yerləşdirirlər. Mən öz “LinkedIn” səhifəmdə belə şirkətləri bir neçə dəfə ifşa etmişəm. Məsələn, səhər 1400 vakansiya görürsünüz, günortaya 1600 olur. İki-üç saat ərzində 200 yeni vakansiya elan edən şirkət necə şirkətdir?
Əgər bu “Apple” və ya “Microsoft” kimi minlərlə işçisi olan şirkət deyilsə, bu, ciddi “red flag”dir. İnsanlar həmin vakansiyalara müraciət edir və “CV”lərini göndərirlər. Beləliklə, şəxsi məlumatlarını könüllü şəkildə həmin insanlara təqdim edirlər. Ona görə “LinkedIn”də şirkətin real olub-olmadığını araşdırmaq çox vacibdir. “LinkedIn”də HR-lara birbaşa yazmaq daha effektivdir
Bəs güvənilən şirkətlərin vakansiyalarını haradan tapaq? Rəsmi səhifələrdən müraciət etmək daha yaxşıdır, yoxsa “HR”lara birbaşa yazmaq?
– “LinkedIn”də şirkətin “HR” əməkdaşlarına yazmaq yaxşı variantdır. Amma əvvəlcə şirkəti araşdırmaq lazımdır. Şirkətin ümumi profilinə baxın. İl ərzində neçə vakansiya paylaşdığına baxın. Məsələn, şirkətin cəmi 20-50 əməkdaşı var, amma 200 vakansiya elan edib. Bu zaman sual yaranmalıdır. Təbii ki, sürətlə böyüyən “startup”lar istisnadır. Şirkətin real olduğunu müəyyən etdikdən sonra onu izləyə bilərsiniz. Şirkətin “HR” əməkdaşlarına, “developer”lərinə əlaqə sorğuları göndərmək olar. “LinkedIn”də aktiv olmaq lazımdır. Bu, yaltaqlıq demək deyil. Sadəcə, ünsiyyət qurmaq lazımdır. Görünürlük qazanırsınız.
Xaricdə işləyən azərbaycanlılarla əlaqə yaratmaq da çox faydalıdır. “Community” qurmaq, həmin insanların arasında olmaq və “referral” əldə etmək iş tapmaqda ciddi üstünlük yarada bilər. “LinkedIn”dən başqa hansı platformalardan istifadə etmək olar?
“LinkedIn”dən sonra hansı platformaları tövsiyə edərdiniz?
– Birinci nömrədə “LinkedIn”dir. İkinci sırada “Himalayas”ı qeyd edə bilərəm. Bundan əlavə, “Google Search”dən düzgün istifadə etmək lazımdır. Mən özüm şirkət axtarışında “Google”dan çox istifadə etmişəm. Məsələn, xüsusi açar sözlər vasitəsilə şirkətlərin “career” səhifələrini tapmaq mümkündür. Bütün şirkətlər “LinkedIn”də aktiv deyil. Elə şirkətlər var ki, realdır, amma vakansiyaları “LinkedIn”də geniş şəkildə görünmür.
Mən vaxtilə özüm “Excel” cədvəli saxlayırdım. Şirkətlərin “company URL”lərini və “career page”lərini həmin cədvələ əlavə edirdim. Sonra həftədə və ya iki həftədə bir həmin səhifələrə girib yeni vakansiyalara baxırdım. Bu, sistemli iş tələb edir.
“USA remote” Azərbaycandan işləmək demək deyil
“Remote” vakansiyalarla bağlı da bir qarışıqlıq var. Məsələn, “USA remote” yazılır. Bu, Azərbaycandan işləmək deməkdir?
– Xeyr. “USA remote” o demək deyil ki, Azərbaycandan işləyə bilərsiniz. Əgər şirkət Amerika daxilində “remote” işləməyə imkan verirsə, bu, çox vaxt həmin ölkədə yaşayan insanlar üçün keçərlidir. Bunu mütləq nəzərə almaq lazımdır.
Avropa vakansiyalarında da “remote” və “relocation” sözlərinə diqqətlə baxmaq lazımdır. Əgər şirkət “relocation” yazıbsa, bu, mütləq sizi relokasiya edəcəkləri demək deyil. Şirkət üçün yerli namizədi işə götürmək daha sərfəli ola bilər. Əgər yerli namizəd tapa bilmirlərsə və siz də çox güclü namizədsinizsə, o zaman sizin üçün istisna edə bilərlər.
Amma regionumuz baxımından vəziyyət hələ də çətindir. İsveçdə doğulan insanla Azərbaycanda doğulan insanın Avropa iş bazarındakı imkanları eyni deyil. Bu, reallıqdır. Ukrayna şirkətləri vasitəsilə qlobal bazara çıxmaq. Mənim tövsiyələrimdən biri Ukrayna şirkətlərinə də baxmaqdır.
Ukrayna şirkətlərinin Amerikada və Avropada filialları və müştəriləri ola bilər. Onlar Azərbaycandan və regiondan daha ucuz mütəxəssislər götürərək qlobal bazara xidmət göstərirlər. Bu, hər iki tərəf üçün faydalıdır.
Şirkət daha sərfəli işçi tapır, siz isə qlobal bazara çıxış əldə edirsiniz. Mən elə insanlar tanıyıram ki, bu yolla xarici bazara daxil olublar, daha sonra isə işlədikləri şirkət onları relokasiya edib. Məsələn, türk bir dostum xarici platforma vasitəsilə Norveç şirkətində işləməyə başlayıb. Daha sonra həmin Norveç şirkəti onu relokasiya edib. Belə nümunələr az deyil.
Tutaq ki, “LinkedIn”də vakansiyanı tapdıq, müraciət etdik, “HR” müsahibəsini də keçdik. Bizə e-mail gəldi ki, növbəti mərhələyə keçmisiniz. Texniki müsahibəyə necə hazırlaşmaq lazımdır? Nə qədər müddət hazırlaşmaq lazımdır və ən çox edilən səhvlər hansılardır?
– Mən həm müsahibə götürən, həm də müsahibəyə girən tərəf olmuşam. Ən böyük səhvlərdən biri hazırlığa gec başlamaqdır. Məsələn, “Amazon”a müraciət edirsiniz. Əgər cavab gəldikdən sonra hazırlığa başlayırsınızsa, çox vaxtınız olmaya bilər. Əvvəlcədən hazır olmaq daha yaxşıdır.
Hansı texnologiya üzrə müraciət edirsinizsə, həmin mövzuları əvvəlcədən təkrarlayın. “Job description”da hansı mövzular qeyd olunubsa, böyük ehtimalla sualların əksəriyyəti həmin mövzular ətrafında olacaq. 100 faiz belədir demirəm. Amma çox vaxt 90 faiz həmin istiqamətdə olur. Ona görə əvvəlcə “arsenal”ınızı yeniləyin, sonra aktiv şəkildə işlərə müraciət edin. 2026-cı ildə hansı proqramlaşdırma istiqamətlərində iş tapmaq daha asandır?
Hazırda xaricdə iş bazarında hansı istiqamətlər prioritet hesab olunur? Hansı proqramlaşdırma dilləri üzrə iş tapmaq nisbətən daha asandır?
– Hazırda Avropada “Java” üzrə “remote” və “relocation” imkanları kifayət qədər çoxdur. “PHP” üzrə də kifayət qədər maraqlı imkanlar var. “Python”, “Go”, “JavaScript” və “Node.js” kombinasiyası üzrə də vakansiyalar mövcuddur. Digər tərəfdən “Rust” üzrə “remote” və “relocation” işləri nisbətən azdır. “C++” üzrə də imkanlar daha məhduddur. Sırf “SQL developer” mövqeləri üzrə də əvvəlki qədər geniş bazar yoxdur.
“DevOps” əvvəllər çox məşhur idi. İndi isə bu istiqamətdə vakansiyalar daha azdır və bir çox şirkət bu funksiyaları başqa rollarla birləşdirir. “iOS” üzrə də “remote” və “relocation” imkanları var. Mən yaxın günlərdə təxminən 100-ə yaxın “relocation” vakansiyasına baxmışam və oradakı tələbləri müqayisə etmişəm.
Qlobal şirkətlərin müsahibələri Azərbaycandakı müsahibələrdən nə ilə fərqlənir?
– Mən bunu sadəcə “Azərbaycan və xarici bazar” kimi müqayisə etməzdim. Çünki xarici bazarda da çox qeyri-peşəkar müsahibələr var. Azərbaycan bazarında da kifayət qədər peşəkar müsahibələr keçirən şirkətlər var. Mən sizə real nümunələr deyim. Avropada elə müsahibədə olmuşam ki, “job description”da nə yazılmışdısa, yalnız onun əsasında suallar verirdilər. “CV”də olan hər şeyi təkrar-təkrar soruşmurdular. Hətta müsahibə götürən şəxs deyirdi: “CV-nizi oxumuşam”. Bu, mənim üçün böyük üstünlükdür.
Məsələn, vakansiya logistika domeni üzrədirsə, logistika sahəsindəki təcrübənizi soruşur. Sizin proqramlaşdırma biliklərinizin həmin biznesdə necə istifadə oluna biləcəyini müzakirə edir. Bu, peşəkarlıqdır. Əks halda logistika ilə bağlı işə müraciət etmişəm, amma qarşıma gəlib ali riyaziyyat səviyyəsində alqoritm sualları verirlər. Sonra işə girirəm və görürəm ki, həmin alqoritmlərdən heç istifadə olunmur.
Bu, düzgün müsahibə deyil. “İşdə istifadə etməyəcəyiniz alqoritmi soruşmağın mənası yoxdur”. Mənim belə bir iş təcrübəm olub. Mənə alqoritmlərdən və “design patterns”dən çoxlu sual verdilər.
İşə girdim, gördüm ki, həmin işdə nə o alqoritmlərdən, nə də “design patterns”dən istifadə olunur. Yəni müsahibədə ölçülən şeylə real iş arasında əlaqə yox idi. Müsahibə “job description”a uyğun olmalıdır.
Əgər siz “senior engineer” axtarırsınızsa və vakansiyada “C#” və verilənlər bazası ilə işləmək tələb olunursa, gəlib həmin adama mikroservislərdən, alqoritmlərdən və başqa mövzulardan tamamilə kənar suallar vermək düzgün deyil.
Proqramlaşdırma o qədər geniş sahədir ki, mənim 45 il təcrübəm olsa belə, məni kəsmək üçün sual tapmaq olar. Hamı müsahibələrdən kəsilir. Bu, normaldır.
Amma müsahibənin məqsədi insanı kəsmək yox, onun həmin vəzifəyə uyğunluğunu ölçmək olmalıdır. “Yaxşı proqramçı olmaq yalnız alqoritmləri bilməklə ölçülmür”. “Microsoft” və “Apple” kimi “big tech” şirkətlərində alqoritmlər və “data structures” əlbəttə ki, vacibdir. Amma başqa şirkətdə həmin alqoritmlərə ehtiyac yoxdursa, onları soruşmağın mənası yoxdur.
Bəziləri deyir ki, “mən bununla adamın başının işləyib-işləmədiyini ölçürəm”. Amma insanın düşünmə qabiliyyətini yalnız alqoritmlərlə ölçmək olmaz. Real biznes problemi verə bilərsiniz. Mən Norveç şirkətlərindən birində belə müsahibədə olmuşam. Dedilər: “Hazırda bizim belə bir problemimiz var. Sənin fikrin nədir?”
Məncə, müsahibə belə olmalıdır. Çünki həmin insan real işdə “palindrome permutation” və ya “string reverse” yazmaq üçün işə götürülmür. Əlbəttə, müəyyən alqoritmik biliklər lazımdır. Amma proqramçını yalnız bunun əsasında ölçmək düzgün deyil. Tural Süleymaninin ən peşəkar müsahibəsi hansı olub?
İndiyə qədər sizin üçün ən ideal keçən müsahibə hansı olub? Hansı xarici şirkətin müsahibəsini daha peşəkar hesab etmisiniz?
– Çox belə müsahibələrim olub. Amma burada bir məsələ var. İnsan bəzən asan keçən müsahibəni peşəkar, çətin keçən müsahibəni qeyri-peşəkar hesab edir. Bu, düzgün yanaşma deyil. Mənim üçün “Amazon” müsahibəsi peşəkar olub. İşlədiyim şirkətlərdən birində də çox peşəkar müsahibə prosesi olmuşdu.
Gəlib dedilər: “Biz sənə standart suallar verməyəcəyik. Biz özümüz də bilirik ki, proqramlaşdırma nə qədər dərin sahədir. Bizim işlədiyimiz kontekst budur, həll etməyə çalışdığımız problem budur. Sən bu problemi necə həll edərdin?”
Sonra bir ekran paylaşdılar və dedilər: “Gəl bunu birlikdə yazaq. Görək necə düşünürsən”. Məncə, bu, çox düzgün yanaşmadır. “EPAM”ın müsahibələri haqqında da yaxşı fikirlər eşitmişəm. “Andersen”in müsahibələri də bəzi namizədlər üçün yaxşı təcrübədir. İş mühitində maaş nə qədər vacibdir?
Bəs iş mühiti baxımından hansı şirkət və ya hansı ölkə sizin üçün daha ideal olub?
– Burada ayın sonunda aldığınız maaş da böyük rol oynayır. Rifah nə qədər yüksəkdirsə, “developer” də bir o qədər xoşbəxt olur. Məncə, bu, bütün sahələr üçün keçərlidir. Amma iş mühitinin səmimi və anlayışlı olması da çox vacibdir. Mənim üçün Amerika şirkətindəki iş mühiti bu baxımdan daha uyğun olub. Hazırda işlədiyim şirkəti də bu baxımdan qeyd edə bilərəm. “Yüksək maaş yaxşı komanda demək deyil”. Real bir nümunə deyim. Keçən il Hollandiya şirkətlərindən biri ilə işlədik. Çox yaxşı maaş verirdilər və “V Consulting” olaraq onlara “support” göstərirdik. Amma bir müddət sonra əməkdaşlığı dayandırdıq. Niyə? Çünki komanda yox idi.
15 nəfərin bir yerə yığılması komanda olmaq demək deyil.
Hamı “main repository”yə istədiyi kimi “merge” edirdi. Kim necə istəyirdisə, kodu elə yazırdı. Dedim: “Gəlin bir “coding standard” müəyyənləşdirək”. Razılaşdılar. Amma ertəsi gün yenə başqa biri öz bildiyini edirdi. Soruşanda deyirdi: “Təcili “release” lazım idi”. Belə development getmir.
Deyirdim: “Bu kodu necə test edim?”. Mənə deyirdilər ki, proqramı yüklə, işə sal, müəyyən düymələrə bas və s. Təsəvvür edin, mən həmin tətbiqi öz kompüterimdə işə salmaq üçün “RAM”ı 64 GB-a qədər artırdım. Söhbət də kiçik şirkətdən getmir. Qlobal bazarda “top 10”a daxil olan oyun şirkətlərindən biri idi.
Amma “unit test”, “integration test”, “system test” yox idi. Normal kod standartı yox idi. Bir “class”a baxırsan, bir standartdır. Digərinə baxırsan, tamam başqa standart. Kodun kim tərəfindən yazıldığı belə hiss olunurdu. Ortada normal “logging” yoxdur, infrastruktur yoxdur, biznesi izah edən adam yoxdur. Xaos idi. Ən maraqlısı isə o idi ki, ən yüksək maaşlardan birini və ən yüksək xidmət haqqını verirdilər. Amma 17 gündən sonra əməkdaşlığı dayandırdıq. Bu, mənə göstərdi ki, yüksək maaş yaxşı iş mühiti demək deyil.
Proqramlaşdırmaya yeni başlayanlara ən ciddi tövsiyəniz nədir?
– Yeni başlayanlara ilk növbədə öyrəndikləri mövzuları yaxşı öyrənməyi məsləhət görərdim. “Algorithms”, “data structures”, protokollar və “software fundamentals” çox vacibdir. Bir proqramlaşdırma dilindən yapışıb onu yaxşı öyrənmək lazımdır. Bizdə təcrübəsi olmayan “developer”lərin etdiyi səhvlərdən biri də eyni anda bir neçə proqramlaşdırma dili öyrənmələridir. “CV”yə baxırsan: “Java”, “C#”, başqa dillər. Amma “Java” ilə “C#” bir çox eyni problemləri həll edir.
Yeni başlayan insanın paralel olaraq beş proqramlaşdırma dili bilməsinə ehtiyac yoxdur. Gələcəkdə çoxdilli proqramçı olmaq mümkündür və hətta lazımdır. Amma başlanğıcda bir dili yaxşı öyrənmək daha doğrudur. “GitHub”da layihələr hazırlamaq lazımdır. Real layihələr yazmaq və həmin layihələr üzərində fokuslanmaq lazımdır. Xaricdə işləmək istəyənlərə ən vacib tövsiyə: İngilis dili
Bəs xaricdə iş tapmaq istəyənlərə ən ciddi tövsiyəniz nədir?
– Birinci növbədə ingilis dili üzərində işləmək lazımdır. Ən azı “B1-B2” aralığına çatmaq, mümkün qədər “B2” səviyyəsinə yüksəlmək yaxşı olar. İkinci vacib məsələ müraciət etdiyiniz ölkənin mədəni fərqlərini öyrənməkdir. Bu, çox vacibdir. Mən bir insanla münasibətimi yaxşılaşdırmağa çalışarkən yanlış anlaşılma səbəbindən az qala düşmənə çevrilmişdim. Halbuki həmin insana hörmət edirdim. Çox məşhur, kitab müəllifi olan bir insan idi. Amma dediyim ifadəni yanlış başa düşmüşdü. Bu, “cultural difference” məsələsidir. Siz birinə kompliment demək istəyərkən onu incidə bilərsiniz. Ona görə işləmək istədiyiniz ölkənin mədəniyyətini başa düşmək lazımdır.
“Amerikada özünü göstər, Skandinaviyada isə daha təvazökar ol”
Məsələn, Skandinaviya ölkələrində işləmək istəyirsinizsə, Norveç və İsveç kimi ölkələrin iş mədəniyyətini bilməlisiniz. Elə ölkələr var ki, müsahibəyə girib deyə bilərsiniz: “Mən “Microsoft MVP”yəm, kitab yazmışam, bunları etmişəm, belə layihələrim olub”. Amerikada bunu müəyyən qədər müsbət qarşılayırlar. Amerikalı deyir: “Özünü göstər. Mənə de ki, nə qədər yaxşısan”. Amma Skandinaviyada yanaşma fərqli ola bilər. Orada daha sakit və təvazökar olmaq daha yaxşıdır. “Mən bunu etmişəm, dünyanı fəth etmişəm” yanaşması bəzən mənfi qəbul oluna bilər. Siz deyirsiniz: “Senior Software Developer”. Vəssalam. Sonra texniki suallara cavab verirsiniz. Bu, daha uyğun ola bilər.
Tural Süleymani niyə öz təcrübələrini paylaşır?
– Bir neçə il əvvəl Norveç şirkətlərindən birində müsahibədə olmuşdum. Suallar çox yaxşı idi. Mən isə sualdan bir qədər kənara çıxıb əlavə bildiklərimi göstərməyə çalışırdım. Müsahibədən sonra mənə verilən “feedback” belə olmuşdu: “Verdiyimiz sualdan çox kənara çıxırsınız, çox məlumatlısınız, amma bizi danışmağa çox qoymursunuz”.
Uzun müddət keçdiyi üçün sözbəsöz belə olmaya bilər, amma məna bu idi. Bu, mənə çox şey öyrətdi. Çünki müsahibə götürən tərəf belə düşünə bilər: “Bu adam çox danışır və çox şey bilir. Sabah komandada da belə olacaq”. Hətta başqa bir tərəfi də var.
Xarici şirkət düşünə bilər ki, sən vəzifəndən daha yüksək səviyyədəsən. Sabah gəlib bir ildən sonra deyəcəksən: “Vəzifəmi dəyişin, maaşımı artırın”. Ona görə müsahibədə təkcə texniki bilik yox, davranış və ünsiyyət də çox vacibdir. Mənim bütün bunları danışmağımın səbəbi insanların məndən az bilməsi deyil. Əksinə, mənim çox səhvim olub.
Mən yandım, siz yanmayın.
Məhz buna görə öz təcrübələrimi bölüşürəm. İllər ərzində topladığımız bu təcrübələrin nəticəsində “V Consulting”i yaratdıq. Məqsədimiz insanlara “remote” işə, relokasiya imkanlarına və xarici iş bazarına çıxış məsələsində kömək etməkdir. Biz özümüz müəyyən səhvlərdən keçmişik. İndi istəyirik ki, başqaları həmin səhvləri təkrarlamasın. Əminəm ki, “V Consulting” vasitəsilə də bir çox insana faydalı olacaqsınız. İnsanlar xaricdə iş tapmaqla yanaşı, yeni iş mühitinə də daha rahat uyğunlaşa bilərlər.