20:54
3 sakin məlumat mərkəzi layihəsinə görə OpenAI-a qarşı iddia qaldırdı
ABŞ-nin Corciya ştatında yerləşən Effingham dairəsinin 3 sakini “OpenAI” və yerli rəhbərliyə qarşı RICO qanunu ilə mülki iddia qaldırıb. Michelle Finch-Mincey, Lehman Mincey Jr. və Raymond Carver iddia edir ki, “Project Camellia” layihəsinin razılaşdırılması üçün gizli sövdələşmə qurulub. Sakinlərin fikrincə, layihə əmlak qiymətlərinə mənfi təsir göstərib. Məlumata görə, məlumat mərkəzi elan olunandan sonra yaxınlıqdakı evlərə verilən bəzi qiymət təklifləri azaldılıb və ya geri götürülüb. İddiada Effingham dairəsinin bütün 6 komissarı, dairə meneceri Tim Callanan və sənaye inkişaf qurumunun rəhbəri Brandt Herndon cavabdeh kimi göstərilib. Cavabdehlər arasında “OpenAI” və onun adından məlumat mərkəzini idarə edən “Octans GA LLC” də var. Torpaq satışında iştirak etmiş “Savannah Industrial Development LLC” və yerli sənaye inkişaf qurumu da məhkəməyə verilib. İddiaçılar bütün bu tərəflərdən mülki təzminat tələb edirlər. Sakinlər deyirlər ki, məxfilik müqavilələri və yanıldıcı açıqlamalar əsas qərarlar verilənə qədər layihənin əsl mahiyyətini ictimaiyyətdən gizlədib. Onların iddiasına görə, danışıqlar qapalı aparılıb, torpaq əməliyyatlarında və zonalaşdırma qaydalarında pozuntular olub. Şikayətdə dələduzluq, məlumatı gizlətmə, qanunsuz əlbirlik və reket fəaliyyəti kimi ittihamlar var. RICO qanunu əvvəlcə mafiya tipli mütəşəkkil cinayət şəbəkələrinə qarşı hazırlanıb. Lakin Corciya ştatında bu qanun daha geniş hallara tətbiq olunur. “Project Camellia” “OpenAI”-ın Effingham dairəsində planlaşdırdığı ən böyük məlumat mərkəzlərindən biridir. Layihə 5 mərhələdə tikiləcək, obyektin hesablama gücü isə 3,2 giqavat olacaq. Tikintinin 20-30 milyard dollara (təxminən 34-51 milyard manat) başa gələcəyi gözlənilir. Belə böyük güc süni intellekt sistemlərinin işləməsi üçün çox yüksək enerji tələbatı deməkdir. “OpenAI” lazımi infrastruktur yeniləmələrinin bütün xərcini özü ödəyəcəyini və layihənin sakinlərin kommunal ödənişlərinə təsir etməyəcəyini vəd edib. Şirkətin məlumatına görə, suyun sistem daxilində təkrar dövr etdiyi qapalı soyutma üsulu sərfiyyatı azaldacaq. Layihəyə etiraz edən sakinlər isə torpaq, vergi güzəştləri və zonalaşdırma qərarları ilə bağlı məlumatların müqavilələr imzalanana qədər onlardan gizlədildiyini düşünürlər. Hazırkı məhkəmə iddiası da əsasən bu proseslə bağlı ittihamlara söykənir.
