Avropanın ən çox axtarılan kibercinayətkarlarından birinin cinayət macərasına son qoyulub. Terapiya qeydlərini oğurlayan və xəstələrin həyatını acınacaqlı edən, hətta bəzilərinin intihar etməsinə belə səbəb olan Finlandiyalı kibercinayətkar həbs olunub.
Avropanın ən çox axtarışda olan cinayətkarlarından olan Finlandiyalı hakerin
11 illik kibercinayətkarlıq cənginə son qoyulub.
BBC-də yer alan xəbərə görə,
13 yaşında kibercinayət dünyasına addım atan
Julius Kivimaki, müalicə almış və almaqda olan
33 min xəstənin müalicə qeydlərini
oğurladığı və onları şantaj etdiyi üçün həbs edilib. Kivimakinin həyat hekayəsi onun anarxik haker qruplarındakı fəal iştirakı ilə başlayır. Sürətlə yüksələn bu kibercinayətkar, hələ 17 yaşında olarkən kibercinayətkarlıq üzrə
50.700-dən çox ittiham ilə təqsirli bilinib. Maraqlısı odur ki, Kivimaki, bu qədər ittihamlara baxmayaraq həbsxanaya getməyib. Əslində bu vəziyyət kibertəhlükəsizlik dünyasından bir çox insan tərəfindən tənqid edilib.

Finlandiyalı kibercinayətkar
2020-ci ildə ən səs-küylü cinayətini törədib. O, Finlandiyanın ən böyük psixoterapiya şirkəti
Vastaamo-nun sistemlərini sındıraraq
33 min xəstənin müalicə qeydlərini ələ keçirib. Kivimaki, daha sonra şirkətdən
400 min avro fidyə tələb edib, lakin Vastaamo ödəməkdən imtina etdikdə o, xəstələrlə birbaşa əlaqə saxlayaraq onların hər birindən
200 avro istəyib və onları terapiya qeydlərini darknetdə dərc etməklə hədələyib.

Sözügedən yazılar özündə son dərəcə intim sirləri ehtiva edirdi və oğurlanması olduqca dəhşətli hadisələrlə nəticələnə bilərdi. Julius Kivimaki, nikahdankənar münasibətlərdən tutmuş cinayət etiraflarına qədər bir çox mövzuda həssas məlumatların yer aldığı bu qeydlərdən istifadə edərək xəstələri fidyə ilə hədələməyə davam edib. O, xəstələrə tələb etdiyi pul ödəmədikləri təqdirdə, onların şəxsi məlumatlarını internetə sızdıracağını bildirib. Bu faciəvi vəziyyət qurbanlara sarsıdıcı təsir göstərmiş, hətta bəzilərinin
intihar etməsinə səbəb olmuşdur. Kivimaki 2 illik sıx bir araşdırmadan sonra, nəhayət
Parisdə saxlanılıb. Daha sonra isə tez bir şəkildə Finlandiyaya geri qaytarılıb. O, məhkəmədə
30 mindən çox cinayətdə təqsirli bilinib. Kivimaki,
məlumatların pozulması, şantaj cəhdi, 9231 şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yayılması, 20745 şantaj cəhdi və 20 şantajda ittiham olunub. Nəticədə o,
6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Psixoterapiya şirkəti isə artıq fəaliyyət göstərmir və onun təsisçisi xəstə məlumatlarını qorumadığı üçün şərti cəzaya məhkum edilib. Kivimaki polisə şantaj cəhdlərindən nə qədər "
bitcoin" qazandığını açıqlamayıb və rəqəmsal pul kisəsi məlumatlarını unutduğunu iddia edib. Zərərçəkmişlər, Julius Kivimaki və Vastaamo psixoterapiya şirkətinə qarşı təzminat tələbi ilə məhkəməyə müraciət etməyi planlaşdırırlar.