11:49
45 il bundan öncə kosmosdan gəlmiş sirli radiosiqnalın mümkün mənbəyi təyin edilib

1960-cı ildən astronomlar potensial yadplanetli sivilizasiyalardan siqnal qəbul etməyə çalışırlar. Lakin hələ də bu cür sivilizasiyaların mövcud olduqları üzrə tutarlı bir sübut yoxdur. Bu mövzu ətrafında qəbul edilmiş ən məşhur siqnal 1977-ci ildə kosmosdan gəlmiş və yerüstü radioteleskop vasitəsilə qəbul edilmiş 72 saniyəlik radiosiqnal hesab edilir. “Wow” adını əldə etmiş həmin siqnal nəticədə astronomları məyus etmişdi. Belə ki, həmin siqnal bir də təkrarlanmadı. Lakin The Habitable Exoplanet Hunting Project layihəsinin (həyatın mümkün olacağı ekzoplanetlərin axtarışı ilə məşğul olur) alimi Alberto Caballero-nun təqdim etmiş olduğu tədqiqatda o, həmin məşhur və eyni zamanda gizli siqnalın mümkün mənbəyini qeyd edib. Söhbət, bizim Günəşə bənzəyən ulduzdan gedir. Jerry Ehman adlı astronom kosmosdan gəlmiş bu məşhur radiosiqnalı 15 avqust 1977-c il tarixində aşkar etmişdi. Bu, Ohayo ştatındakı Ohayo Dövlət Universitetinin “Big Ear” adlı radioteleskopunun, kosmosun Oxatan bürcündə yerləşən hissəsini skan edən zaman baş vermişdi. Bu siqnal kosmik mikrodalğa arxa fon şüalanmasından 20 dəfə güclü idi. Siqnalın bütün özəllikləri potensial yadplanetli sivilizasiyadan gələ biləcək siqnala işarə edirdilər.
Buna görə də astronom çap edilmiş kağızın üzərinə “Wow” sözünü yazmışdı və həmin vaxtdan bu məşhur radiosiqnal məhz bu cür adlanır. “Əgər söhbət, yadplanetli həyat növündən gedirsə, “Wow” siqnalı indiyənə kimi yadplanetli sivilizasiya tərəfindən göndərilə biləcək siqnallar arasındakı ən yaxşı namizəddir. Lakin 45 il ərzində astronomlar təkrar olaraq bu cür siqnalları aşkar edə bilməyiblər” - deyə Alberto Caballero qeyd edib. İndiyənə kimi alimlər sadəcə olaraq buna bənzər siqnalları kosmosun eyni hissəsində axtarıblar. Lakin Caballero öz axtarışlarını, ətraflarında münbit həyat şəraitinə sahib ola biləcək planetlərin dövr etdikləri ulduzlara yönəldib. Söhbət, Yer kürəsinə bənzər planetlərdən gedir. Minlərlə ulduz arasında astronom öz diqqətini G və K sinifinə daxil olan ulduzlara ayırıb. G sinifinə daxil olan ulduzlar bizim Günəş kimi sarı cırtdan ulduzlardır. K sinifinə daxil olan ulduzlar isə Günəşə bənzəyən narıncı cırtdan ulduzlardır. K sinifinə daxil olan ulduzların ətraflarında elə planetlər ola bilər ki, onlarda həyat Yer kürəsindən daha yaxşı şərtlər çərçivəsində inkişaf etmiş olsun.