19:36
ABŞ Senatı: AI data mərkəzləri çox enerji sərf edir, az iş yaradır

ABŞ Senatının 1 il davam edən araşdırması süni intellekt (AI) sistemlərini işlətmək üçün böyük hesablama gücü verən data mərkəzlərinin yerli əhaliyə təsiri ilə bağlı ciddi suallar yaradıb. Araşdırmaya görə, bəzi şirkətlər layihələrin xərcləri və faydaları barədə ictimaiyyətə yanlış məlumat verib. Şirkətlər tikinti zamanı yaranan iş yerlərini önə çıxarsalar da, çoxu obyekt açıldıqdan sonra neçə daimi iş yerinin qalacağını açıqlamayıb. Rəqəm açıqlayan bir neçə şirkətdə hər meqavat gücə cəmi 1 daimi iş yeri düşüb. Yəni 100 meqavat gücündə data mərkəzi işə düşəndən sonra cəmi 100 nəfəri daimi işlə təmin edə bilər. Belə bir obyekt təxminən 100 000 ev qədər elektrik enerjisi sərf edir. Araşdırma enerji tələbatı ilə yaradılan daimi iş yerlərinin sayı arasında böyük fərq olduğunu göstərib. Araşdırmada data mərkəzlərinə verilən vergi güzəştləri də yoxlanılıb. Əmlak vergisi güzəştləri daha çox diqqət çəksə də, kompüter avadanlıqlarının satış vergisindən azad olunması şirkətlərə daha çox sərf edir. Çünki bu avadanlıqlar tez-tez yenilənir və dəyişdirilir. Hesablamaya görə, xərclərin 39%-i bahalı GPU-lara ayrılır. GPU-lar süni intellekt hesablamalarında işlənən güclü prosessorlardır. Vəd olunan iqtisadi fayda yaranmadıqda ştatlar böyük vergi gəlirini itirir. Araşdırma “Amazon”, “Google”, “Meta”, “Microsoft”, “CoreWeave”, “Digital Realty” və “Equinix” şirkətlərini əhatə edib. Bu şirkətlər data mərkəzlərinə xidmət üçün lazım olan əlavə infrastrukturun bütün xərclərini ödəmək istəmirlər. Onlar obyektlərin elektrik şəbəkəsinə birbaşa qoşulması xərclərini qarşılamağa hazırdırlar. Ancaq əsasən data mərkəzlərinin tələbatına görə tikilən yeni elektrik stansiyaları və ötürücü xətlərin xərcinə görə məsuliyyət daşımadıqlarını düşünürlər. Data mərkəzi operatorları bu ilin əvvəlində elektrik abonentlərini əlavə xərclərdən qorumaq üçün öhdəlik sənədi imzalayıblar. Senatorlar sənədi təsirsiz saydığı üçün onu qanuna çevirmək cəhdi baş tutmayıb. Onların fikrincə, böyük texnologiya şirkətləri öz payına düşən xərcləri ödəməli və daha şəffaf işləməlidir. Araşdırma göstərir ki, enerji sərfiyyatı və yerli sakinlərin etiraz etdiyi digər təsirlərlə bağlı daha geniş qaydalar gündəmdə qalacaq.
