14:01

ABŞ senatorları federal qurumlara nömrə oxuyan kamera qadağası təklif edir

    ABŞ senatorları Bernie Sanders və Jeff Merkley cümə günü “Ban Flock Act” adlı qanun layihəsini təqdim ediblər. Layihənin məqsədi süni intellektlə avtomobil nömrələrini avtomatik oxuyan kameraların federal qurumlar tərəfindən işlədilməsini dayandırmaqdır. Sənədi Nümayəndələr Palatasına Alexandria Ocasio-Cortez çıxaracaq. Təşəbbüs “Flock Safety” sisteminin ölkə boyu sürücülərin hərəkətini izləməsi ilə bağlı narahatlıqlardan sonra hazırlanıb.ABŞ senatorları federal qurumlara nömrə oxuyan kamera qadağası təklif edir    ALPR adlanan bu kameralar avtomobil nömrələrini çəkir və nəqliyyat vasitəsi ilə bağlı məlumatları emal edir. Layihə qəbul olunsa, federal qurumlar həmin kameralardan istifadə edə və başqa sistemlərin topladığı məlumatlara baxa bilməyəcək. Belə texnologiyaları hazırlayan şirkətlərlə müqavilə bağlayan ştat və yerli qurumlar da federal qrant almayacaq. Sənəd hüquqları pozulan vətəndaşlara federal hökuməti məhkəməyə vermək hüququ tanıyacaq.    “Flock Safety” ABŞ-də avtomobil nömrələrini avtomatik oxuyan sistemlərin ən böyük təchizatçısı sayılır. Şirkət ölkə üzrə 120 mindən çox kamera quraşdırıb. Məlumata görə, bu şəbəkə ayda 20 milyard avtomobili qeydə alır. Ələ keçirilmiş yolkənarı kameralardan birinin qeydləri göstərib ki, təxminən 3 həftə ərzində 50 mindən çox nəqliyyat vasitəsi çəkilib. Nəticədə 1,6 milyon görüntü yaranıb.    Tənqidçilər sistemin bəzən avtomobilləri səhv müəyyənləşdirdiyini və məlumatların immiqrasiya nəzarətində işləndiyini deyirlər. Sandersə görə, “Flock Safety” ştatlardan aldığı məlumatları federal immiqrasiya qurumlarına ötürüb. Polis bu məlumat bazasından Fələstin tərəfdarı fəalları və “No Kings” aksiyalarını araşdırmaq üçün də yararlanıb. Kameraların abort üçün başqa ştata gedən qadınları izləyə bilməsi də narahatlıq doğurur.    Layihəyə hər 2 partiyadan maraq göstərilsə də, yaxın vaxtda qəbul olunacağı gözlənilmir. Respublikaçı senator Josh Hawley ayrıca “Stop Flock Abuse Act” layihəsi hazırladığını açıqlayıb. Hər 2 təşəbbüsün noyabrda keçiriləcək aralıq seçkilərdən sonraya qalacağı ehtimal edilir. Onların taleyi Konqresdəki qüvvələr nisbətindən asılı olacaq. Sanders deyib ki, kameralar insanların həkimə və ya məktəbə getdiyini belə müəyyənləşdirə bilir. Senator bu sistemi şəxsi həyat üçün təhlükə adlandırıb.