16:47
AMD-nin satışa çıxarmadığı 12 nüvəli Ryzen 9 5900X3D prosessoru üzə çıxıb

“AMD” şirkətinin satışa çıxarmadığı “Ryzen 9 5900X3D” prosessorunun mühəndislik nümunəsi üzə çıxıb. AM4 platforması üçün hazırlanmış “Zen 3” çipində 12 nüvə və 24 axın var. Prosessorda həmçinin 128 MB L3 keş yaddaşı var. L3 keş tez-tez işlənən məlumatları saxlayır və oyunların daha sürətli işləməsinə kömək edir. Model satışa çıxsaydı, həm oyunlar, həm də iş proqramları üçün güclü seçim ola bilərdi. Prosessorun istilik göstəricisi 105 Vt olaraq qeyd edilib, amma “AMD” bu rəqəmi təsdiqləməyib.
“AMD” bu prosessoru əslində 2021-ci ildə “Computex” sərgisində göstərmişdi. Şirkət 12 nüvəli 3D çiplet prototipini adi “Ryzen 9 5900X” ilə müqayisə etmişdi. Hər iki prosessor 4 GHz tezlikdə işlədikdə prototip oyunlarda orta hesabla 15%-dək daha yüksək nəticə göstərmişdi. Buna baxmayaraq, model heç vaxt rəsmi məhsula çevrilmədi. Üzə çıxan nümunədə standart “Ryzen 9 5900X” ilə müqayisədə 2 dəfə çox L3 keş var. Bunun üçün prosessorun 2 CCD blokundan birinə 64 MB “3D V-Cache” əlavə edilib. CCD prosessor nüvələrini bir araya gətirən daxili blokdur. “CPU-Z” görüntüsündə 4649 MHz tezlik də görünür. Əgər bu, prosessorun sürətləndirilmiş iş tezliyidirsə, yekun göstərici 4,7 GHz ola bilərdi. Bu da standart modeldən cəmi 100 MHz aşağıdır.
“AMD” laboratoriyada başqa quruluşları da sınaqdan keçirib. Hər iki CCD blokuna 64 MB 3D keş əlavə olunan, ümumilikdə 192 MB L3 keşli başqa 12 nüvəli prototip də görülüb. Oxşar 192 MB quruluş 16 nüvəli “Zen 3” çipində də işlədilib. Həmin modellər satışa çıxsaydı, “Ryzen 9 5900X3D” və “Ryzen 9 5950X3D” adlarını ala bilərdi.
Şirkət sonda 12 və 16 nüvəli prototiplər əvəzinə “Ryzen 7 5800X3D” modelini bazara çıxardı. Bu prosessorda 8 nüvə və 96 MB L3 keş var. Tək CCD quruluşu oyunlarda bloklar arasındakı gecikməni azaldır, böyük keş yaddaşı da sürəti artırırdı. “AMD” daha sonra çoxbloklu 3D keş yanaşmasını “Zen 4” və sonrakı nəsillərdə tətbiq etdi. Bu modellər arasında “Ryzen 9 7900X3D” və “Ryzen 9 7950X3D” var. Siyahıya “Ryzen 9 9900X3D” və “Ryzen 9 9950X3D” də daxildir. Bir neçə CCD blokuna 3D keş əlavə etmək iş proqramlarında faydalıdır, amma oyunlarda eyni üstünlüyü vermir. Bloklar arasındakı gecikmə, istilik və enerji məhdudiyyətləri prosessorun iş tezliyini aşağı sala bilər. Buna görə 12 nüvəli “Ryzen 9 9900X3D” oyunlarda 8 nüvəli “Ryzen 7 9800X3D” modelindən geri qalır. 16 nüvəli “Ryzen 9 9950X3D” isə oyunlarda həmin modelə yaxın nəticə göstərir.
