techspace

08:31

Apple tarixində ilk dəfə 5 trilyon dollarlıq bazar dəyərinə çatdı

Apple birja tarixində daha bir mühüm rekorda imza atıb. Şirkətin bazar dəyəri ticarət sessiyası zamanı qısa müddətlik 5 trilyon dolları keçərək yeni tarixi həddə çatıb.

Bununla Apple bu göstəricini aşan ikinci şirkət olub. Daha əvvəl bu rekorda ilk çatan şirkət Nvidia idi.

Dünyanın ən dəyərli şirkəti mövqeyini qoruyur

Ticarət zamanı Apple səhmlərinin qiyməti 342,89 dollara qədər yüksəlib və şirkətin bazar dəyəri 5,036 trilyon dollar təşkil edib.

Günün sonunda isə səhmlər 339,33 dollar səviyyəsində bağlanıb və bazar dəyəri 4,98 trilyon dollara geriləyib.

Müqayisə üçün, eyni dövrdə Nvidia-nın bazar dəyəri 4,78 trilyon dollar olub.

Hazırda Apple dünyanın ən dəyərli açıq səhmdar cəmiyyətidir.

Güclü satışlar və ehtiyatlı AI strategiyası

Analitiklər hesab edirlər ki, Apple səhmlərinin bahalaşmasına bir neçə amil təsir edib.

Bunlardan biri şirkətin məhsullarına olan yüksək tələbatdır.

Digər mühüm səbəb isə Apple-ın süni intellekt sahəsində rəqibləri qədər böyük infrastruktur xərclərinə getməməsidir. Şirkət bəzi AI funksiyalarında, o cümlədən yeni Siri imkanlarında Google texnologiyalarından istifadə etməklə iri məlumat mərkəzlərinə yatırımları minimum səviyyədə saxlayır.

Səhmlər ilin əvvəlindən 25 faiz bahalaşıb

Apple səhmləri ilin əvvəlindən bəri təxminən 25 faiz dəyər qazanıb.

Beləliklə, şirkət bu göstərici üzrə Nvidia, Meta, AlphabetMicrosoft kimi digər texnologiya nəhənglərini geridə qoyub.

Analitiklərin fikrincə, Apple-ın son dövrdə MacBookiPad qiymətlərini artırması, lakin iPhone qiymətlərini dəyişməməsi də satışlara müsbət təsir göstərib. Bir çox alıcı mümkün qiymət artımlarından əvvəl alış etməyə üstünlük verib.

Yeni kirayə proqramı da istifadəyə verilib

Apple bu günlərdə ABŞ-da Klarna ilə əməkdaşlıq çərçivəsində yeni cihaz kirayəsi proqramını da istifadəyə verib.

Proqram çərçivəsində istifadəçilər:

  • iPhone-u aylıq 17,99 dollardan,
  • Apple WatchiPad-i aylıq 11,99 dollardan,
  • Mac modellərini isə aylıq 24,99 dollardan başlayan ödənişlərlə əldə edə bilirlər.

Şirkət yaxın günlərdə üçüncü rüb üzrə maliyyə nəticələrini açıqlayacaq. Analitiklər Apple-ın gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 15 faizdən çox artacağını proqnozlaşdırırlar.