techspace

01:28

Artıq iPhone modellərinə App Store-dan fərqli platformalardan da proqram endirmək mümkün olacaq!

Avropa Birliyinin son dövrlərdə texnologiya nəhəngləri üzərinə müxtəlif təzyiqlər etdiyi artıq hərkəsə məlumdur. Hətta Avropa Birliyi Rəqəmsal Bazarlar Aktı ilə bir çox texnologiya nəhənginin planlarını pozmuşdu. İndi isə Rəqəmsal Bazarlar Aktı çərçivəsində Apple şirkətinin iPhone modelləri App Store-dan başqa üçüncü tərəf tətbiq mağazalarını da dəstəkləyəcək.

iPhone üçüncü tərəf mağazalarını

Ümumiyyətlə Apple şirkətinin uzun müddətdir ki, tətbiq etdiyi strategiya artıq məcburi olaraq dəyişir. Belə ki, indi iPhone modelləri üçüncü tərəf tətbiq mağazalarını dəstəkləyəcək və tətbiq yükləməyə imkan verəcək. Həmçinin Avropadakı Apple Pay rəqiblərinə tezliklə iPhone NFC funksiyasından da istifadə etməyə icazə veriləcək. Yalnız Avropanı əhatə edən bu addım sayəsində insanlar öz iPhone telefonlarından istifadə edərək rəqib ödəniş sistemləri ilə təmassız ödənişlər edə biləcəklər. Bununla da bazardakı rəqabət daha da çoxalacaq. Yeni qərarlar çərçivəsində artıq Safari-dən əlavə olaraq digər bir çox mobil brauzerlərə də icazələr veriləcək. Hazırda iOS cihazlarında hər bir brauzer əsasən Safari üzərində qurulub və bu, yeni dövrdə Avropa bazarı üçün tamamilə dəyişir.

NEW: Apple is overhauling the App Store, Safari and iPhone features in the European Union to appease regulators. This includes 3rd-party stores, side loading, new commissions (10% to 17%), third-party tap to pay apps and all-in-one game streaming services https://t.co/I8es3MSSX3

— Mark Gurman (@markgurman) January 25, 2024

Qeyd edək ki, mart ayında təqdim ediləcək iOS 17.4 ilə artıq sadalanan yeniliklər Avropadakı istifadəçilər üçün əlçatan olacaq. İstifadəçilər üçüncü tərəf tətbiq mağazalarından da müəyyən komissiya qarşılığına proqram yükləyə və ya satın ala biləcəklər. Apple bildirib ki, “Biz bu dəyişiklikləri Avropa Birliyi ölkələrindən kənarda təklif etmirik, çünki bu, istifadəçilərimiz üçün ən təhlükəsiz sistem deyil”. Həmçinin App Store mağazasındakı komissiyalarda 30% həddindən 17%-ə qədər endiriləcək. Müvafiq olaraq, Xbox Cloud Gaming və Nvidia GeForce NOW kimi bulud oyun xidmətləri artıq App Store-da mövcud olacaq.