20:20
Avropa İttifaqı Huawei və ZTE-yə qarşı sərt addım atır

Technote.az “TNW” platformasına istinadən bildirir ki, Avropa İttifaqı texnologiya və telekommunikasiya sahəsində mühüm addım atmağa hazırlaşır. Avropa Komissiyası üzv ölkələrə Çin şirkətləri olan Huawei və ZTE avadanlıqlarından istifadədən imtina etməyi yenidən tövsiyə edib. Bu dəfə isə məsələ sadəcə tövsiyə ilə məhdudlaşmaya bilər.
2020-ci ildə təqdim edilən “5G Cybersecurity Toolbox” çərçivəsində verilən tövsiyələr könüllü idi. Lakin son 6 ildə bu çağırışların gözlənilən nəticəni vermədiyi açıq şəkildə ortaya çıxıb. 2026-cı ilin 4 may tarixində verilən yeni açıqlamada isə bu mövqe daha geniş formada təqdim olunub. Artıq yalnız mobil şəbəkələr deyil, ümumilikdə “bağlantı infrastrukturu”, yəni fiber-optik şəbəkələr, peyk sistemləri və hətta sualtı internet kabelləri də bu məhdudiyyətlərə daxil edilə bilər. Ən kritik dəyişiklik isə budur ki, Avropa Komissiyası artıq bu məhdudiyyətləri qanuni öhdəliyə çevirməyə hazırlaşır. 2026-cı ilin yanvarında təqdim edilən yeni kibertəhlükəsizlik qanun layihəsinə əsasən:
- “Yüksək riskli təchizatçılar”ın avadanlıqları şəbəkələrdən çıxarılmalıdır
- Bunun üçün 36 aylıq keçid müddəti veriləcək
- Qaydalara əməl etməyən ölkələr cərimələrlə üzləşə bilər
- Bir çox ölkələr artıq bu şirkətlərin avadanlıqlarından geniş istifadə edir
- Məsələn, Almaniyada 5G şəbəkələrinin təxminən 60 %-i Huawei avadanlıqları üzərində qurulub
- Bu infrastrukturu dəyişmək milyardlarla avro xərc tələb edir