techspace

16:28

Azərbaycan startapı “Keepface” Çində: “Plug and Play” 25 ölkə arasından seçdi

Bakıda 2017-ci ildə üç nəfərin təsis etdiyi influenser-marketinq platforması “Keepface” Çində rəsmi şirkət qeydiyyatından keçib və bank hesabı açıb.

Şirkət Kaliforniyadakı “Plug and Play” akselerator mərkəzinin 25 ölkəni əhatə edən seçim prosesindən keçərək, proqrama qəbul olub.

“Keepface” Çinin Jiangsu əyalətindəki “Nantong İqtisadi-Texnoloji İnkişaf Zonasında” (“NETDA”) qeydiyyatdan keçib. “Plug and Play”ın Nantongdakı transsərhəd akselerasiya proqramı iyulda start götürüb, proqram 6 aylıqdır, “NETDA” texnoparkı seçilmiş startaplara bir illik rezidentlik, ofis və qonaqlama təmin edilir.

Həmtəsisçi Elşad Yusifli deyir ki, Çin ofisinin əsas işi Çindəki influenserləri ABŞ, MENA və Avropa regionuna çıxarmaqdır.

Emin Vəli məsələnin digər tərəfinə diqqət çəkir:“Platforma Çin brendlərinin xaricdə lokallaşmasına kömək edəcək, onları doğru kontent yaradıcıları, auditoriya və bazarlarla birləşdirəcək. Vəliyə görə beynəlxalq genişlənmə tərcümə işi deyil. Yerli mədəniyyəti, trendləri və icmaları anlamaq lazımdır, influenser-marketinq də elə bunun üçündür”.

Şirkətin həmtəsisçisi Vaqif Abbasov isə addımı genişlənmə planının növbəti mərhələsi adlandırıb. “Keepface” Çin ofisi yalnız Çin bazarına işləməyəcək:

“Buradan Cənubi Koreya, Yaponiya, İndoneziya və regionun başqa böyük bazarlarına çıxmaq planlaşdırılır. 9 il əvvəl Azərbaycanda 3 nəfərlə başlayan yolun bizi bu gün Çinə gətirməsi həqiqətən xüsusi hissdir. Hələ yolun əvvəlindəyik. Qarşıda daha böyük hədəflər və əlbəttə, daha çox iş var”.

“Keepface”in uğuru təsadüfi deyil. Platforma Bakıdan sonra ilk olaraq Birləşmiş Ərəb Əmirliklərində strukturlaşıb və Dubayda “AstroLabs” texnoloji habında işləyib. 2017-ci ildə Bakıda brendlərlə influenserləri bir yerə yığan “Influencer Day Baku” tədbirini keçirib. 2018-ci ildə Heydər Əliyev Mərkəzində “Global Influencer Day” konfransını təşkil edib (o səhnəyə robot Sofiya da çıxmışdı). 2019-cu ildə “500 Startups”ın Seriya A proqramı “MENA Dojo”nun üçüncü buraxılışına seçilən 14 startapdan biri olub. Sonra ABŞ-də qeydiyyatdan keçib. Çin bu uğurun ardı olaraq davam edir.