17:00
Bakıda CAMCA Regional Forumu başa çatdı: AI, investisiya və Orta Dəhliz gündəmdə

Bakıda keçirilən və iki gün davam edən Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü – Regional Forum başa çatıb.
Forum iki gün ərzində özəl biznes və dövlət sektorunun nümayəndələrini, yüksəksəviyyəli rəsmiləri, investorları, sahibkarları və ekspertləri bir araya gətirib.

Azertac yazır ki, ikigünlük tədbir çərçivəsində regionda əməkdaşlığın genişləndirilməsi, iqtisadi artımın təşviqi və sosial inkişaf üçün imkanlar müzakirə olunub. Forumun proqramında sahibkarlıq və investisiya, ticarət və nəqliyyat, yaşıl maliyyə, süni intellekt, fintex, təhsil, turizm və media daxil olmaqla, region üçün aktual olan müxtəlif mövzulara həsr edilmiş panel müzakirələri və sessiyalar keçirilib.
CAMCA-nın Müşahidə Şurasının sədri Fuad Kərimov çıxışında bildirib ki, forumda əsas diqqət investisiya imkanlarına və beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə yönəlib.
“CAMCA Regional Forumunun əsas məqsədi investisiya imkanları, süni intellekt, iqtisadiyyat və digər aktual məsələlər ətrafında müzakirələri davam etdirmək, eyni zamanda, beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə töhfə verməkdir. Tədbir Azərbaycanda ikinci dəfə keçirilir. İlk forum 2018-ci ildə baş tutub. Müşahidələrimiz göstərir ki, builki tədbirə də böyük maraq var”.
Tədbirin ilk günü iqtisadiyyat naziri Mikayıl Cabbarov CAMCA Regional Forumunda çıxış edib. O, çıxışında Trans-Xəzər fiber-optik xətti və orta dəhlizə diqqəti çəkib.
“Rəqəmsal bağlantı regional əməkdaşlıq üçün mühüm istiqamətdir. Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir. Bu xətt Avropa ilə Asiya arasında yüksəktutumlu yeni bağlantı yaradacaq”.

Mikayıl Cabbarov Cənubi Qafqaz və Mərkəzi Asiyanın münasibətlərində ortaq gələcək perspektivinin xüsusilə aydın göründüyünü qeyd edib: “Biz uzun illərdir bu regional arxitekturanın bir hissəsinə çevrilmişik. Qeyd etdiyim kimi, siyasi ölçü 2025-ci ilin noyabrında Daşkənddə daha da dərinləşdi. Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşündə tamhüquqlu iştirakçı oldu və bununla Mərkəzi Asiyadan kənar ilk ölkəyə çevrildi”.
İqtisadiyyat naziri deyib: “Hesab edirik ki, düzgün investisiyalar və səmərəliliyin artırılması istiqamətində tədbirlər Orta Dəhliz və boru kəmərlərinin inkişafını daha da sürətləndirə bilər. Mərkəzi Asiya ölkələri əlavə ötürücülük və daşıma imkanlarının yaradılmasında çox maraqlıdırlar. Orta Dəhliz Azərbaycanın əsas hissəsini əhatə edəcək və Mərkəzi Asiya ilə daha da sıx əlaqələndiriləcək”.
Tədbirdə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə çıxış edib. O, təhsil sektorunda baş verən texnoloji dəyişikliklərdən, cəmiyyətlərdəki tərəqqidən geridə qalması məsələsinə toxunub. Prorektor bildirib ki, əsas çətinliklərdən birincisi əmək bazarı üçün vacib olan peşəkarları yetişdirdiyimizdən necə əmin olmaq məsələsidir:
“Çünki bazar sürətlə dəyişir, bazarın tələbatı, bacarıqlar və kompetensiyalar sürətlə dəyişir. Universitetlərin kifayət qədər çevik olduğuna, tədris proqramlarını düzəltmək, bazarın tələblərinə cavab verən yeni ixtisaslaşmalar təklif etmək üçün adekvat olduğuna necə əmin ola bilərik? Bu, birinci çətinlikdir. Əfsuslar olsun ki, universitetlər bir çox mənada çox klassikdir. Onlar hələ də 4 illik, 5 illik təhsilə diqqət yetirir, tədris proqramlarını və metodologiyasını dəyişməkdə çox qeyri-çevikdir. Bazar isə sürətlə dəyişir və təhsili arxada qoyur. Beləliklə, biz bunu düzəltməliyik”.

CAMCA Regional Forum çərçivəsində keçirilən “Süni intellekt qlobal texnologiya xəritəsini yenidən cızır: CAMCA regionunun yeri haradadır?” mövzulu panel sessiyada “Lineate” şirkətinin Avropa və Yaxın Şərq üzrə icraçı vitse-prezidenti Giorgi Tsikolia çıxış edib. Cənab Tsikolia bildirib ki, Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir. Süni intellekt (AI) elə bir dəyişiklikdir ki, hər kəs onun şahididir və gündəlik həyatında bunu şəxsən müşahidə edir. Regionumuza və ümumilikdə regionlara gəldikdə, süni intellekt ekosisteminin inkişafı bir neçə əsas istiqamətə söykənir. Bu istiqamətə enerji, əlaqəlilik və şəbəkə infrastrukturu, hesablama gücü, eləcə də mühəndislik potensialı daxildir.
