13:48

Bank fırıldağı cəhdləri 35% artıb, 90%-i mobil telefonda baş verir

    “BioCatch” araşdırmasına görə, bank fırıldağı cəhdləri son 12 ayda 35% artıb. Cinayətkarlar daha çox smartfon işlədən insanları hədəf seçirlər. Belə cəhdlərin demək olar hamısı artıq stasionar telefon və ya elektron poçtla deyil, mobil cihazlarda qurulur. Səbəb mobil bank tətbiqlərində pulu asan və sürətli köçürməkdir.    Bütün dələduzluq cəhdlərinin 90 faizi mobil telefonla baş verir. Ən çox alış fırıldaqlarına rast gəlinir. Onların ümumi cəhdlərdə payı 33 faizdir. Romantik münasibət adı altında qurulan sxemlər 1 ildə 23 faiz artıb. Ən böyük maliyyə itkisinə investisiya fırıldaqları səbəb olur. Hər hadisədə itirilən orta məbləğ 6600 dollardır (təxminən 11 220 manat).    İş elanı adı ilə yayılan saxta təkliflərin sayı da artır. Dələduzlar yüksək maaş və yaxşı iş şəraiti vəd edir, sonra qurbanlardan əvvəlcədən pul istəyirlər. Süni intellekt onlara daha çox və inandırıcı ssenari hazırlamağı asanlaşdırır. Banklar da müştərinin davranışındakı şübhəli dəyişiklikləri izləyir və əməliyyatdan əvvəl onun təzyiq altında olub-olmadığını anlamağa çalışırlar.    Dələduzların bank hesabını texniki yolla sındırmasına həmişə ehtiyac qalmır. Onlar təzyiq göstərir, insanı tələsdirir və qorxudaraq pulu öz əli ilə göndərməyə razı salırlar. Xüsusən investisiya və romantik münasibət fırıldaqlarında qurban ödənişin qanuni olduğuna inanır. Mobil bankçılığın rahatlığına görə belə köçürmələr bir neçə dəqiqəyə tamamlanır.    Ölkələr belə hadisələrdə zərərçəkənləri qorumaq üçün fərqli qaydalar tətbiq edir. Böyük Britaniyada bəzi qurbanlar pullarını geri ala bilirlər. Ancaq bu tədbir yalnız dələduzluqdan sonra yaranan maliyyə itkisini qarşılayır. Əsas məqsəd şübhəli ödənişi cinayətkarın hesabına çatmadan dayandırmaq və istifadəçini pul köçürməzdən əvvəl xəbərdar etməkdir.