techspace

09:19

BYD 600 km yürüş ehtiyatına malik elektrikli yük avtomobilini təqdim etdi

BYD Almaniyada keçirilən IAA Transportation 2026 sərgisində yeni ETT 44 elektrikli yük avtomobilini təqdim edib. 44 ton sinfinə daxil olan model bir enerji dolumu ilə 600 kilometrədək məsafə qət edə bilir.

ETT 44-ün elektrik güc sistemi 733 at gücü hasil edir. Maksimum qısamüddətli güc isə 986 at gücünə qədər yüksələ bilir. Avtomobil 651 kVt·saat tutumlu BYD Blade batareyası və 851 voltluq elektrik arxitekturası ilə təchiz olunub.

Yeni modelin əsas üstünlüklərindən biri enerji doldurma sürətidir. ETT 44 BYD-nin “Megawatt” enerji doldurma stansiyalarında 1,5 MVt-a qədər güc qəbul edə bilir. Bu halda batareyanı 20 dəqiqə ərzində 20 faizdən 80 faizə qədər doldurmaq mümkündür. Şirkətin məlumatına görə, 20 dəqiqəlik enerji doldurma təxminən 400 kilometr yol üçün kifayət edir.

BYD ETT 44-ün batareyasına 10 il və ya 1,2 milyon kilometr zəmanət təqdim edəcəyini də açıqlayıb. Elektrikli yük avtomobili həmçinin müasir sürücüyə yardım sistemləri ilə təchiz olunub.

Şirkət ETT 44-ün satış qiymətini hələ açıqlamayıb. 600 kilometrlik yürüş ehtiyatı və 1,5 MVt-lıq sürətli enerji doldurma imkanının modeli xüsusilə uzun məsafəli yükdaşımalar üçün maraqlı alternativə çevirəcəyi gözlənilir.