23:22
Cənubi Koreya paytaxtı Seul dünyanın ilk metakainat meqapolisi olacaq

Metakainat (metaverse) ətrafında olan maraq getdikcə artır. Cənubi Koreyanın paytaxtı olan Seul şəhəri dünyanın ilk metakainat meqapolisi olacaq. Bu barədə məlumatı Seul hökumətinin (Seoul Metropolitan Government / SMG) təmsilçiləri veriblər. Müvəqqəti adı “Metaverse Seoul” olan layihə çərçivəsində nizamlayıcı orqanlar şəhər həyatının bütün sahələri üçün kommunikasiya ekosistemini yaradacaqlar. Bu təşəbbüs şəhərin virtual versiyasını işə salmağı özündə birləşdirir. Həmin şəhərə isə dünyanın istənilən şəxsi kompüter və ya VR texnologiya vasitəsilə daxil ola biləcək. Seulun metakainatı VR oyunlar kimi əyləncə xarakterli layihə deyil. Bu, Cənubi Koreyanın pandemiya fonunda iqtisadiyyatının yenidən təşkili planıdır. Rəqəmsal reallığın yaradılması özündə iqtisadi, mədəni, turistik, maarifləndirici və dövlət xidmətlərin təqdim edilməsini birləşdirir. Bu cür xidmətlər gələn ildən başlayaraq istifadəyə veriləcəklər. Bununla belə “Metaverse Seoul” layihəsinin ilk strukturları artıq bu ilin sonundan çalışmağa başlayacaqlar. Layihənin ilkin proqramı Seuldakı Bosinqak adlı zəng qülləsindəki virtual zəng qurğusu şəklində təqdim olunacaq. Ənənəyə əsasən Yeni il ərəfəsində həmin zəng qurğusu yalnız gecə yarısında zəng çalır. Lakin bu dəfə zəng qülləsi eyni anda iki dəfə zəng çalacaq. Onlardan biri real dünyada, digəri isə tarixi qüllənin virtual versiyasında baş verəcək. Beləliklə bu tədbir yeni təqvim ilinin startına işarə edəcək və “Metaverse Seoul” layihəsinin işə düşməsinə təkan verəcək. Yaxın gələcəkdə şəhər hökuməti özəl sektor ilə əməkdaşlıq etməyə başlayacaq. Özəl sektor isə öz növbəsində biznesin və istehlakçıların virtual reallıq üzərindən dəstəklənmələri üçün real xidmətləri rəqəmsallaşdırmaqda köməklik edəcək.