17:01
Çin süni zəkanın inkişafına 1 trilyon yuan investisiya yatıracaq

Technote.az Techpowerup.com platformasına istinadən bildirir ki, Çin hökuməti ölkədə zəka infrastrukturunun və xidmətlərinin kompleksli inkişafına yönəlmiş AI Industry Development Action Plan adlı proqram hazırlayıb. Bu məqsədlə növbəti beş il ərzindən sözügedən sahənin inkişaf etdirilməsinə ən azı 1 trilyon yuan (təxminən 138 milyard dollar) investisiya yatırılması planlaşdırılır. Qeyd olunur ki, AI Industry Development Action Plan təşəbbüsü, ABŞ-da süni zəkanın inkişafına yönəlmiş irimiqyaslı Stargate layihəsinə Çinin cavabıdır. Stargate layihəsi çərçivəsində OpenAI, Softbank və Oracle şirkətləri birgə müəssisə yaradaraq, növbəti nəsil süni zəkanı dəstəkləmək üçün "fiziki və virtual infrastrukturun" inkişafı ilə məşğul olacaqlar. Bu layihədə Microsoft, Arm və NVIDIA, həmçinin Yaxın Şərqdən olan MGX fondu iştirak edəcək. Ümumi investisiya həcminin 500 milyard dollara çatacağı gözlənilir.
AI Industry Development Action Plan proqramını Çin Bankı (Bank of China) dəstəkləyəcək. Plan dörd əsas istiqaməti əhatə edir:
- Milli texnoloji müstəqilliyin gücləndirilməsi: Bu, xüsusilə ABŞ-ın artan sanksiyaları şəraitində vacibdir. Çin Bankı, süni zəka daxil olmaqla, innovativ texnologiyalarla məşğul olan müəssisələrə hərtərəfli dəstək göstərəcək.
- Süni zəka infrastrukturunun inkişafı: Bu, hesablama gücünün artırılması, yeni məlumat mərkəzlərinin və köməkçi obyektlərin tikintisini nəzərdə tutur.
- Süni zəka sahəsində innovasiyaların sürətləndirilməsi: Bu, ixtisaslaşmış tətbiqlərin hazırlanmasını əhatə edir.
- Süni zəkanın müxtəlif sahələrdə tətbiqinin təşviqi: Bura robototexnika, qabaqcıl materiallar, bioloji istehsal və s. sahələr daxildir.