21:13
Çinin termonüvə reaktoru 17 dəqiqəlik 'süni günəş' yarada bilib

Çinin kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən ölkədə fəaliyyət göstərən 3 böyük termonüvə reaktorundan biri 70 milyon dərəcə Selsi temperaturlu plazmanı 17 dəqiqə ərzində saxlaya bilib. Bu isə termonüvə enerjisinin mənimsənilməsi yolunda əldə edilmiş vacib nailiyyətdir. Plazmanın mümkün qədər çox saxlanılması üzrə fərdi rekorda Experimental Advanced Superconducting Tokamak (EAST) adlı təcrübi reaktor imza atıb. Keçən ilin may ayında sözügedən reaktor daha bir rekorda imza atmışdı. Belə ki, o, 120 milyon dərəcə Selsi temperaturlu plazmanı 101 saniyə ərzində saxlaya bilmişdi. Hələ bu da son deyil. Həmin vaxtda reaktor həmçinin 160 milyon dərəcə Selsi temperaturlu plazmanı 20 saniyə ərzində saxlaya bilmişdi. Reaktorun imza atmış olduğu yeni rekord isə plazmanın saxlanma müddətini əhatə edir. Qeyd etmək lazımdır ki, EAST reaktoru ilk dəfə 2006-cı ildə işə salınmışdı. O, HT-7 adlı təkmilləşdirilmiş reaktor əsasında inşa edilib və ITER adlı beynəlxalq təcrübi reaktorun işə salınmasına hazırlıq proqramında iştirak edir. Qeyd etmək lazımdır ki, temperatur üzrə rekord göstəricilərin əldə edilməsi çox güman ki, plazma qaytanında elektronların qızmasını əhatə edir. Kütləvi informasiya vasitələri tərəfindən verilmiş məlumatlarda bu məsələyə aydınlıq gətirilməyib.