02:31
Çinli hackerlər Ukraynadakı müharibədən istifadə edərək avropalı məmurlara qarşı kiberhücumlar edirlər

Çinli hackerlər Rusiya ilə Ukrayna arasında olan müharibədən istifadə edərək avropalı məmurlara qarşı kiberhücumlar reallaşdırırlar. Bu barədə Forbes xəbər verib. 7 mart tarixində Google şirkəti öz bloqunda kibertəhlükəsizlik komandasının tədqiqatını dərc edib. Həmin tədqiqata əsasən Çindən olan Mustang Panda adlı hacker qruplaşması zərərli proqram təminatına sahib elektron məktubların göndərilməsi ilə məşğul olur. Zərərli proqram təminatına sahib zip formatlı arxivlər Rusiyanın Ukrayna ərazisinə daxil olması ilə bağlı müxtəlif başlıqlarla maskalanırlar. Buna misal olaraq “Avropa Birliyi ilə Ukrayna arasındakı sərhəddə olan vəziyyət” tipli başlığı gətirmək olar. Bu cür başlıqlı məktubların tərkiblərində eyni başlıqlı zərərli fayllar mövcuddur. Həmin fayllar isə öz növbələrində kompüterə zərərli proqram təminatının yüklənməsini reallaşdırırlar. Çinli hackerlər tərəfindən zərərin minimuma endirilməsi üçün Google şirkəti bu məsələ ilə bağlı məlumatı artıq hüquq-mühafizə orqanlarına təqdim edib. Rusiyanın Ukrayna ərazisinə daxil olduğu gündən Google şirkətinin kibertəhlükəsizlik komandası bir sıra hacker qruplaşmasının aktivliklərini müşahidə edib. Əsasən məlum olub ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsi ilə əlaqəsinin olduğu güman edilən FancyBear adlı hacker qruplaşması Ukraynanın UkrNet adlı media şirkətinin servislərinin istifadəçilərinin məlumatlarını oğurlamaq üçün fişinq (phishing) hücumlar reallaşdırıb. Bu cür kiberhücumu əhatə etmiş elektron məktublar oğurlanmış istifadəçi hesabları tərəfindən göndərilib. Bundan əlavə olaraq göndərilmiş məktublarda həmçinin hackerlərin saytlarına yönləndirici linklər yerləşdirilib. Elektron poçtun qorunması üzrə fəaliyyət göstərən Proofpoint şirkəti (ABŞ) RedDelta adlı hacker qruplaşmasının aktivliyini müşahidə edib. Daha öncə sözügedən hacker qruplaşması Mustang Panda ilə əlaqəli idi.