22:26

Cloudflare proqramlaşdırma mühiti hazırlayan Deno startapını aldı

    “Cloudflare” cümə günü “Deno” startapını satın aldığını açıqlayıb. Startap eyniadlı proqramlaşdırma mühitini hazırlayır. “Cloudflare” bu addımla “Workers” proqramlaşdırma modelini və platformasını inkişaf etdirməyi planlaşdırır. “Workers” ilə müştərilər proqramlarını “Cloudflare” şəbəkəsində hazırlayıb işə sala bilirlər.    “Deno”-nu “Node.js”in yaradıcısı Ryan Dahl və Bert Belder birlikdə qurublar. Startap bu yaxınlarda “Workers” modelinin açıq mənbəli, yəni kodu hamı üçün açıq olan versiyası “celld” layihəsini göstərib. “Cloudflare” komandası layihəni müsbət qarşılayıb və satınalmanın platformadakı proqramlaşdırma seçimlərini artıracağını düşünür.    “Cloudflare” “Workers”in digər bulud platformalarından fərqli quruluşunun istifadəçiləri yalnız bu xidmətə bağlamaq məqsədi daşıdığını qəbul etmir. Şirkətə görə, açıq mənbəli yanaşma və istifadəçilərə alternativ yol vermək biznes üçün faydalıdır. Ryan Dahl da komandasının server proqramlarının hazırlanmasında “Workers” modelini daha geniş yaymaq üçün “Cloudflare”a qoşulduğunu deyib.    Satınalmanın maliyyə şərtləri açıqlanmayıb. “Deno” indiyədək ümumilikdə 26 milyon dollar (təxminən 44,2 milyon manat) investisiya cəlb edib. Bu məbləğə “Sequoia”nın rəhbərlik etdiyi A seriyalı investisiya raundu da daxildir. Lakin sövdələşmə zamanı startapın neçə dollara qiymətləndirildiyi məlum deyil.