12:12

Google açıq mənbə mükafat proqramına ara verdi: AI hesabatları işi pozdu

    “Google” açıq mənbəli proqramlardakı təhlükəsizlik boşluqlarına görə mükafat proqramını 1 oktyabrdan müvəqqəti dayandırıb. Şirkət bunu süni intellektlə hazırlanan avtomatik müraciətlərin kəskin artması ilə izah edib. Hesabatların çoxu əsassız olduğundan proqramın normal işləməsi çətinləşib.    Proqram çərçivəsində “Google”-ın açıq mənbəli proqramlarında təhlükəsizlik boşluğu tapan tədqiqatçılara mükafat verilirdi. Bu yolla real problemlər aşkarlanır və aradan qaldırılırdı. Ancaq avtomatik göndərilən çoxsaylı müraciətlər arasında yararlı hesabatları seçmək getdikcə çətinləşib.    Məlumata görə, şirkətin mühəndisləri və açıq mənbəli layihələrə cavabdeh şəxslər çoxlu sayda əsassız hesabat alıblar. Onların bir hissəsində süni intellektin uydurduğu, faktlara əsaslanmayan məlumatlar olub. Nəticədə real təhlükəsizlik boşluqları ilə bağlı müraciətlərin yoxlanmasına daha çox vaxt və resurs sərf edilib.    “Google” proqramla bağlı növbəti açıqlamanı 2027-ci ilin ilk rübündə verəcək. Proqramın həmin vaxt yenidən açılıb-açılmayacağı hələ təsdiqlənməyib. Bu müddətdə iştirakçılar “Google”-ın digər təhlükəsizlik boşluğu mükafat proqramlarına müraciət edə bilərlər.