19:25
Google-un SynthID detektoru OpenAI, NVIDIA və Kakao fayllarını tanıyır

“Google” “SynthID Detector” alətini yeniləyərək əhatəsini genişləndirib. Xidmət artıq yalnız şirkətin öz süni intellekt (AI) modelləri ilə yaradılan faylları yoxlamır. “OpenAI”, “NVIDIA” və “Kakao” modellərinin hazırladığı şəkil, video və audio faylları da tanıyır. “Apple” ilə yaradılan AI məzmununun yaxın zamanda sistemə əlavə ediləcəyi açıqlanıb. “SynthID” süni intellektlə yaradılan və ya dəyişdirilən məzmuna gözlə görünməyən rəqəmsal işarə əlavə edir. “SynthID Detector” bu işarəni taparaq faylın AI ilə hazırlandığını göstərir. “Google”un 2023-cü ildə çıxardığı sistem indiyədək 180 milyarddan çox şəkil və videoya su nişanı vurub. Bundan başqa, ümumi uzunluğu 240 000 ilə çatan audio məzmun da işarələnib. Alətdən yararlanmaq üçün synthid.com saytına daxil olmaq lazımdır. Sayta “Google”, “Apple” və ya “ChatGPT” hesabı ilə giriş etmək olur. Daha sonra yoxlanacaq şəkil, video və ya audio faylı sistemə yüklənir. “SynthID Detector” faylda uyğun su nişanı tapıb-tapmadığını göstərir. İşarə aşkarlanarsa, məzmunun AI ilə yaradıldığı qeyd olunur. “SynthID Detector” bütün AI məzmununu tanıya bilən sistem deyil. Alət yalnız dəstəklənən modellərin fayla əvvəlcədən əlavə etdiyi “SynthID” su nişanını axtarır. Süni intellektlə hazırlanmış faylda bu işarə yoxdursa, onun mənşəyini müəyyənləşdirmək olmur. Buna görə də mənfi nəticə məzmunun insan tərəfindən hazırlandığını təsdiqləmir.
