techspace

10:27

Grok “X” platformasında yeni məhdudiyyətlər tətbiq edib

     Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Grok “X” platformasında deepfake görüntülərin yayılmasının qarşısını almaq məqsədilə yeni qaydalar tətbiq etdiyini açıqlayıb. X Safety hesabı tərəfindən paylaşılan rəsmi açıqlamaya əsasən, Grok artıq real insanların açıq geyimlərdə təsvirlərinin yaradılmasına və ya redaktəsinə icazə verməyəcək.     Bildirilib ki, bu texnoloji məhdudiyyət bütün istifadəçilərə, o cümlədən ödənişli abunəçilərə şamil olunur. Qərar, xüsusilə uşaqları əhatə edən seksual xarakterli süni intellekt görüntülərinin ciddi problemə çevrildiyi bir dövrdə verilib. X Safety qeyd edib ki, platforma Uşaq Cinsi İstismarı Materialları (CSAM) və razılıq olmadan yaradılan görüntülərlə mübarizəni prioritet hesab edir.     Eyni zamanda xatırladılıb ki, Grok vasitəsilə X üzərindən şəkil yaratma və redaktə etmə funksiyası artıq yalnız abunəçilərlə məhdudlaşdırılıb. 
Bu addımlar Kaliforniyada mövzu ilə bağlı araşdırmaların başlaması və Böyük Britaniyada mümkün qadağa təhdidlərinin gündəmdə olduğu bir vaxtda atılıb.