techspace

10:49

GTA 6 yenə sızdı: “Rockstar” sildirdikcə həqiqiliyi təsdiqləndi!

Oyun dünyasının ən çox gözlənilən layihəsi olan “Grand Theft Auto VI” ətrafında növbəti böyük sızma qalmaqalı yaşanır. Sosial şəbəkələrdə oyundaxili kadrları və oyunun bütün xəritəsini əks etdirən yeni videoların ortaya çıxması “Rockstar Games” studiyasını təcili hərəkətə keçirib. Şirkətin sızdırılan görüntülərə qarşı dərhal sərt DMCA xəbərdarlıqları göndərərək paylaşımları kütləvi şəkildə sildirməsi isə oyunçular arasında bu kadrların həqiqi olduğuna dair inamı tamamilə doğruldub.

Sızdırılan kadrlar oyunun baş qəhrəmanlarından biri olan Jeysonun ətrafında cərəyan edir. Videoların birində Jeysonun bir evin həyətində gəzişdiyi və basketbol meydançasında uğursuz atışlar etdiyi görünür. Digər kadrda isə onun “Leonida” ştatının küçələrində avtomobili təhlükəli idarə etdiyi, yük maşını ilə toqquşduqdan sonra qarşı tərəfin sürücüsünə ingilis açarı ilə hücum etdiyi kimi qaranlıq səhnələr yer alır. Bununla yanaşı, ştatın Lummox, Leonard, Kelly, Vice Dale və Mariana adlanan 5 fərqli bölgəsini göstərən xəritə də internetdə yayılıb. Qeyd edək ki, “Lummox” bölgəsinin adı ilk dəfədir ki, GTA 6 haqqında sızmalarda ortaya çıxır.

GTA 6 full leak pic.twitter.com/UQNOUoFyEN

— Wacko (@wackoaiintpaid) August 18, 2026

Məşhur insayderlərin verdiyi məlumata görə, “Rockstar Games” görüntüləri paylaşan hesabları dərhal bloklatdırır. Ekspertlər sızdırılan videoların süni intellekt tərəfindən hazırlanmayacaq dərəcədə detallı olduğunu və böyük ehtimalla oyunun daha əvvəlki sınaq versiyalarına aid olduğunu bildirirlər.

Oyunçuların 27 avqustda Netflix-də təqdim olunacaq “GTA 6” genişləndirilmiş anonsunu gözlədiyi bir məqamda baş verən bu hadisə sosial mediada ajiotajı pik həddə çatdırıb.