10:58
Hidrogen CO2 tullantıları ilə müqayisədə iqlim üçün 11 dəfə daha təhlükəlidir

Hidrogen enerjisi dünya sənayesinin karbon qazı ifrazından azad edilməsində yardımçı ola bilər. Lakin bununla yanaşı o, qlobal iqlim üçün təhlükə mənbəyinə çevrilə bilər. Alimlər tərəfindən aparılmış yeni tədqiqata əsasən hidrogen tullantıları CO2 qazından fərqli olaraq planeti 11 dəfə daha güclü şəkildə qızdıra bilər. Alimlər qeyd ediblər ki, hal hazırda bu problem nəzərə çarpacaq dərəcədə deyil. Belə ki, hidrogen enerjisinin istehsal miqyası hələ aşağı səviyyədədir. Lakin hidrogen enerjisi əsasında çalışan nəqliyyat növlərinin və yeni enerji sistemlərinin inkişafı nəticəsində bu bioloji yanacaq növü ekologiyaya ciddi təsir göstərəcək. Nəticədə insanlar planetin qızması prosesini ləngitmək əvəzinə daha da sürətləndirəcəklər. Hidrogen artıq tədricən enerji saxlama sistemi rolunda istifadə edilir. Elektrik enerjisinin istehsalı üçün hidrogen yanacaq elementlərindən keçirilir. Prosesin sonunda isə adi sudan başqa heç bir şey qalmır. Bu cür üsul litium batareyalardan fərqli olaraq daha çox enerji saxlamağa imkan verir və batareyaların şarj olunmaları prosesi ilə müqayisədə avtomobillərin və ya enerji daşınması üçün nəzərdə tutulmuş xüsusi stansiyaların yanacaq çənlərinin doldurulmasını daha sürətlə reallaşdırır. Bu müsbət özəlliklər hidrogenin enerji mənbəyi kimi bir çox sahələrdə istifadəsini mümkün edir. Buna misal olaraq aviasiyasnı, avtomobil sənayesini və ağır sənayeni gətirmək olar. Lakin alimlər təyin ediblər ki, hidrogen də planetin atmosferinə passiv təsir göstərir.