17:22
Holberton School Azerbaijan-da Karyera Günü keçirilib: 3 gün, 30-dan çox şirkət, yüzlərlə görüş

26–28 avqust tarixlərində Holberton School Azerbaijan-da keçirilən Karyera Günü 30-dan çox şirkətin iştirakı ilə başa çatıb. Üç gün ərzində Holbie-lər və məzunlar İT və müxtəlif biznes sahələrini təmsil edən şirkətlərin nümayəndələri ilə bir araya gəlib, özlərini təqdim edib, bilik və bacarıqlarını nümayiş etdirib, həmçinin peşəkar əlaqələr qurublar.

Karyera Günü yalnız şirkət nümayəndələri ilə tanışlıq platforması olmayıb. Görüşlər zamanı şirkətlər potensial namizədləri yaxından tanımaq imkanı əldə edib, seçilmiş namizədlərlə isə növbəti mərhələdə müsahibələr keçirilib. Bununla da Holbie-lər real iş mühitində özlərini sınamaq və işə qəbul prosesinin müxtəlif mərhələlərini təcrübədən keçirmək imkanı qazanıblar.
Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, PASHA Financial Holding, AZCON Holding, Bir Ecosystem, SOCAR, ABB, Azerconnect Group, AzInTelecom, AzerGold və digər şirkətlər iştirak edib.
Üç gün ərzində keçirilən görüşlər Holberton-un əsas məqsədlərindən birini də ön plana çıxarıb: öyrənmə mühitində formalaşan bilik və bacarıqları real karyera imkanları ilə birləşdirmək. Holbie-lər üçün bu proses yalnız özlərini təqdim etmək deyil, həm də şirkətlərin gözləntilərini yaxından anlamaq, peşəkar ünsiyyət qurmaq və gələcək karyera istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm təcrübə olub.
Karyera Günü çərçivəsində şirkət nümayəndələri də Holbie-lərin texniki bilikləri, praktiki bacarıqları və peşəkar yanaşması ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Bu qarşılıqlı ünsiyyət İT ekosistemində istedadlı mütəxəssislərlə iş dünyası arasında daha güclü əlaqələrin qurulmasına şərait yaradıb.
Holberton Karyera Günü üç gün ərzində keçirilən yüzlərlə görüş və müsahibə ilə başa çatıb. Tədbir çərçivəsində qurulan əlaqələrin isə gələcək əməkdaşlıqlara və yeni karyera imkanlarına yol açacağı gözlənilir.