techspace

16:47

Holberton School Azerbaijan və GDG Baku “MicroSaaS” Hackathonu Təşkil Edəcək!

Holberton School Azerbaijan və GDG Baku (“Google Developers Group Baku”) əvvəlki uğurlu “Vibe Hackathon”dan sonra, texnologiya icmasına növbəti böyük tədbirlə gəlir!

“MicroSaaS” Hackathonu baş tutacaq. Yalnız bir gün davam edəcək bu intensiv yarışma, proqram təminatı sahəsində kiçik, lakin spesifik həllər – MicroSaaS (Micro Software as a Service) məhsulları yaratmağa fokuslanacaq.

MicroSaaS: Az vaxtda hazır məhsul

Ənənəvi, genişmiqyaslı SaaS məhsullarından fərqli olaraq, MicroSaaS çox dar bir problemi hədəfləyən və kiçik komanda ilə idarə olunan proqram təminatı xidmətlərini nəzərdə tutur. Bu format, iştirakçılara günün sonunda funksional, hazır məhsul prototipi təqdim etmək imkanı verir.

Hackathonun əsas qaydasına görə, təqdim olunan məhsullar bazarda tanınmış şirkətlərin və ya tədbir sponsorlarından birinin mövcud problemini həll etməlidir. İştirakçılar ilk olaraq tətbiqlərdəki çatışmazlıqları müəyyənləşdirməli, daha sonra isə bu ehtiyaclara cavab verən effektiv MicroSaaS həlləri hazırlamalıdırlar.

İnkişaf və dəstək mühiti

Tədbir müddətində iştirakçılar yalnız kod yazmaqla məhdudlaşmayacaqlar. Təşkil olunmuş məlumatlandırıcı sessiyalartəcrübəli mentorların dəstəyi ilə onlar öz texniki və biznes biliklərini inkişaf etdirmək imkanı əldə edəcəklər.

“MicroSaaS” Hackathonu iştirakçılara portfelə yeni bir layihə əlavə etmək imkanı ilə yanaşı, qaliblərə sponsorlardan dəyərli hədiyyələr qazanmaq şansı yaradır.

Akselerasiya imkanı

Tədbiri fərqləndirən əsas amil isə GDG Baku-nun təşkil etdiyi xüsusi plandır. Layihəsi münsiflər heyəti tərəfindən qalib seçilməyən, lakin mentorlar və təşkilatçılar tərəfindən yüksək bəyənilən komandalar üçün akselerasiya proqramı təşkil ediləcək. Bu proqram çərçivəsində mentorlar ideyanın inkişafı üçün təlimlər keçəcək və layihəyə başqa münsiflər qarşısında yeni təqdimat şansı yaradılacaq.

Əsas hissəsi cəmi bir gün davam edəcək bu faydalı tədbir iştirakçıların yaradıcı istiqamətini göstərməsinə, inkişaf etməsinə və digər proqramçılarla yeni əlaqələr qurmasına şərait yaradacaq.

Qeydiyyat və əlavə məlumat

Maraqlanan şəxslər qeydiyyatdan keçmək və hackathon haqqında ətraflı məlumat əldə etmək üçün təşkilatçıların rəsmi səhifəsinə daxil ola bilərlər. Holberton School Azerbaijan Azərbaycanda fəaliyyət göstərən və Silikon Vadisi standartlarında proqram təminatı təhsili verən beynəlxalq şəbəkənin filialıdır. GDG Baku, Google texnologiyalarına marağı olan yerli proqramçılar, dizaynerlər və texnologiya həvəskarlarını bir araya gətirən qrupdur.