12:09
HP 2028-ə qədər 6 min işçini ixtisar edərək AI-a sərmayəni artıracaq

Technote.az "Ars Technica" platformasına istinadən bildirir ki, HP Inc. süni intellekt texnologiyalarına daha çox sərmayə yönəltmək üçün 2028-ci ilə qədər 4.000–6.000 əməkdaşını ixtisar edəcək. Şirkət bu addımın illik xərclərdə təxminən 1 milyard dollar qənaət yaradacağını bildirir. HP-nin CEO-su Enrike Lores maliyyə hesabatı zamanı bildirib ki, ixtisarlar əsasən məhsul inkişafı, daxili əməliyyatlar və müştəri dəstəyi bölmələrində hiss olunacaq. Lores-in sözlərinə görə, AI şirkətə məhsul innovasiyalarını sürətləndirmək, müştəri məmnuniyyətini artırmaq və daxili prosesləri daha məhsuldar etmək imkanı verəcək.
HP-nin qərarı süni intellektin əmək bazarına təsiri ilə bağlı qlobal müzakirələr fonunda gəlib. Xüsusilə müştəri dəstəyi kimi sahələrin AI-dan daha çox təsirlənəcəyi gözlənilir. Son illərdə bir çox böyük texnologiya şirkəti AI-a keçidi əsas göstərərək minlərlə işçini ixtisar edib:
- Salesforce 4,000 işçini işdən çıxardığını bildirib və CEO Marc Benioff AI sayəsində daha az işçi qüvvəsinə ehtiyac olduğunu deyib.
- Amazon həm yüzlərlə AI alətindən istifadə etdiyini, həm də minlərlə işçini ixtisar etdiyini açıqlayıb.
- Meta 5 faiz işçi azaltmasına AI layihələrinə fokuslanmanı səbəb göstərib.
- Intuit, Klarna və Duolingo da yüzlərlə işi AI ilə əvəz etdiklərini etiraf ediblər.