11:43

İddia: ABŞ-nin 5 ən böyük nəşriyyatından 3-ü gizlicə süni intellekt işlədir

    ABŞ bazarındakı 5 ən böyük nəşriyyatdan 3-nün müəlliflərə və oxuculara xəbər vermədən süni intellekt işlətdiyi iddia olunur. Bu məlumat nəşriyyat sektorunda çalışan 24-dən çox əməkdaşın anonim açıqlamalarına əsaslanır. İddialara görə, süni intellekt kitabın hazırlanmasından reklamına qədər müxtəlif işlərə qoşulur.    Şirkətlər “ChatGPT” və “Claude” ilə reklam materialları, eləcə də kitab üzlükləri üçün qısa tanıtım mətnləri yazırlar. Süni intellektlə şəkil yaradan alətlərdən üz qabığının hazırlanmasında da yararlanıldığı deyilir. Bəzi müəlliflər kitablarının reklamında və görünüşündə belə alətlərdən istifadə olunduğunu yalnız sonradan öyrənirlər.    Nəşriyyatların bu addımları onların hüquqi mövqeyi ilə ziddiyyət təşkil edir. Sözügedən 5 böyük şirkət may ayında müəllif hüquqlarının pozulduğunu əsas gətirərək “Meta”ya qarşı birgə məhkəmə iddiası qaldırıb. İkinci əl kitab satıcıları süni intellekt şirkətlərinin kitab ehtiyatlarını, o cümlədən nadir nüsxələri alıb məhv etdiyindən şübhələnirlər.    Nəşriyyatların qazancı artsa da, insanların kitaba marağı zəifləyib. Şagirdlərin oxu nəticələri son 25 ilin ən aşağı səviyyəsinə düşüb. Əyləncə üçün kitab oxuma vərdişi 2003 - 2023-cü illər arasında hər il orta hesabla 3% azalıb. 2025-ci ildə kitab oxumayan amerikalı kişilərin payı 44% olub. Bununla yanaşı, nəşriyyatların gəlirləri 2021-dən bu günədək 16,1% artıb.    İlin əvvəlində “Macmillan”a daxil olan “Minotaur Books” təxminən 2 milyon dollarlıq (təxminən 3,4 milyon manat) kitab müqaviləsini ləğv edib. “Call Me, I’ll Hide the Body” adlı əlyazma üçün razılaşma 14 iştirakçının qatıldığı təklif yarışından sonra bağlanmışdı. Mətnin süni intellektlə yazıla biləcəyi ilə bağlı narahatlıq yaransa da, əsas problem onun keyfiyyəti olmayıb. Sual müəllif hüququnun qeydə alınması və hüquqların aydın şəkildə ötürülməsi ilə bağlı idi.    İddialara görə, rəhbərlər süni intellekti tərcümə işlərini genişləndirmək, reklam materialları hazırlamaq və əməkdaşların məhsuldarlığını izləmək üçün sınaqdan keçirirlər. Bəzi işçilər daxili sənədlərin də bu alətlərlə yazıldığından şübhələnirlər. Ədəbi agentlərdən biri nəşriyyatlardan əvvəlcədən razılıq almağa başlayıb. Razılığa əsasən, çap olunmamış əlyazmalar reklam mətni hazırlamaq üçün böyük dil modellərinə (LLM), yəni mətni emal edən süni intellekt sistemlərinə tam şəkildə yüklənməməlidir. Əməkdaşların sözlərinə görə, rəhbərlər süni intellekt xidmətlərinə abunə olur və onlardan hansı işlərdə yararlanmağı müzakirə edirlər.