Sensor Tower adlı mobil analiz şirkəti tərəfindən paylaşılan məlumatlara görə, iPhone istifadəçiləri Android istifadəçilərinə nisbətən tətbiqlər üçün daha çox pul ödəyirlər.
Sensor Tower analiz şirkətinin məlumatlarına görə,
Apple iPhone istifadəçiləri, 2024-cü ilin birinci rübündə App Store-da təxminən
25 milyard dollar xərcləyiblər. Eyni dövrdə
Android istifadəçiləri, Google Play Store-da cəmi
11 milyard dollar xərcləyiblər. Maraqlısı odur ki, Google Play Store-dan yüklənən proqramların sayı App Store-dan yüklənən proqramların sayından
3 dəfə çoxdur. Bu, Android istifadəçilərinin proqramlar üçün çox pul ödəməyə hazır olmadığını göstərir. Birinci rübdə App Store-dan yüklənmiş
8.4 milyard proqram,
24.6 milyard dollar gəlir əldə edib. Müqayisə üçün qeyd edək ki, Google Play-dən yüklənən
25.5 milyard proqram, cəmi
11.2 milyard dollar gəlir gətirib. Bu nəticələr, Apple istifadəçilərinin proqramlara pul xərcləməkdə daha səxavətli olduğunu göstərib. Ötən illə müqayisədə App Store-un gəliri
11.5% artsa da, Google Play-in gəliri cəmi
5.3% artıb.

Smartfon istifadəçiləri, ən çox pulu isə oyunlara xərcləyirlər. Belə ki, Apple istifadəçiləri, 2024-cü ilin birinci rübündə oyunlara
13 milyard dollar, digər proqram növlərinə isə
11.6 milyard dollar pul xərcləyiblər. Android istifadəçiləri üçün bu göstərici daha yüksəkdir:
65%-i oyunlara xərclənib. Ən çox pul xərcləyən ölkələr müvafiq olaraq
ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya olub.