16:36

İspaniya muzeyi 30 Mac Mini-dən Cray-1 superkompüterinin surətini yığıb

    İspaniyanın Kompüter Tarixi Muzeyi 30 köhnə “Mac Mini” kompüterindən yığılmış işlək “Cray-1” surətini göstərib. 18 ay davam edən layihə “Cray-1”in Los Alamosda ilk dəfə işə salınmasının və “Apple”ın yaradılmasının 50 illiyinə həsr olunub. Muzey bu layihə ilə hesablama texnologiyasının son 50 ildə nə qədər inkişaf etdiyini göstərmək istəyir.İspaniya muzeyi 30 Mac Mini-dən Cray-1 superkompüterinin surətini yığıb    Sistem 2012-2014-cü illərdə buraxılmış 25 ədəd 2 nüvəli i5 və 5 ədəd 4 nüvəli i7 kompüterindən yığılıb. Ümumilikdə 70 nüvə saniyədə 1,5 trilyon riyazi əməliyyat apara bilir. Bu, orijinal “Cray-1”in 160 MegaFLOPS göstəricisindən nəzəri olaraq 9375 dəfə yüksəkdir. Ancaq 4 nüvəli kompüterlərdən biri sıradan çıxdığı üçün sistem hazırda 1,3 TeraFLOPS güc verir.    Orijinal “Cray-1” kommersiya uğuru qazanan ilk superkompüter sayılır. Ondan ümumilikdə 80 ədəd satılıb. Sistem hava proqnozlarının hazırlanması, aerodinamika, nüvə fizikası və konstruksiyaların təhlili kimi mürəkkəb hesablamalarda işlədilirdi. Onun əsas üstünlüyü çoxlu rəqəmi eyni anda emal edən vektor üsulu idi. Bu da hesablamaları xeyli sürətləndirirdi.    Orijinal maşın soyuducu maye xətləri və ayrıca otaqda qurulan iri kompressorlarla soyudulurdu. Yeni surətdə konveksiya qülləsinə əsaslanan passiv soyutma seçilib. Buna görə qurğuda ən çox səsi Ethernet kommutatorları çıxarır. Ziyarətçilər hesablamaları böyük ekranı və klaviaturası olan retro idarəetmə terminalından izləyə bilirlər. Sistem “macOS Mojave” əməliyyat sistemində işləyir. MPI texnologiyası tapşırıqları bir neçə “Mac Mini” arasında bölür və kompüterlər hesablamaları eyni vaxtda aparır.    Muzey növbəti mərhələdə ictimai maliyyələşdirmə kampaniyasına başlamağı, boş yuvalar üçün 70-80 ədəd “M4 Mac Mini” almağı planlaşdırır. Məqsəd sistemi dünyanın ən güclü superkompüterlərinin daxil olduğu “TOP500” siyahısına salmaqdır. Hazırkı qurğu daimi sərgidə saxlanılır və ona yalnız bələdçi ilə baxmaq olur. Muzey yayda, Milad dövründə, həmçinin yanvar və fevral aylarında bağlı olur.