17:05

Keçmiş Plaud rəhbəri söhbətləri dinləyən Ambi AI tətbiqini təqdim etdi

    Keçmiş “Plaud” rəhbəri Peter Mo istifadəçini gün ərzində dinləyib söhbət zamanı kömək edən “Ambi” tətbiqini çıxarıb. Startap ümumilikdə 26 milyon dollar investisiya cəlb edib. Bu, təxminən 44,2 milyon manatdır. Maliyyələşməyə “Luminous Ventures” və cihaz istehsalçısı “Huaqin” rəhbərlik edib. “Ambi” artıq “iPhone”, “Mac” və “Apple Watch” üçün çıxıb.    “Ambi” görüş qeydləri hazırlayan tətbiqlər kimi söhbətləri dinləyir. İstifadəçi istəsə, tətbiq gün ərzində danışılanlardan məlumat toplaya bilər. Süni intellekt köməkçisi təqvimə, görüşlərə, məlumat bazasına və internetdəki informasiyaya baxaraq söhbətə uyğun məlumat və təkliflər göstərir. Məqsəd tapşırıqları görüşdən sonra deyil, elə söhbət gedərkən başlatmaqdır. İşi bir cihazda başlayıb digərində davam etdirmək də olur.    Şirkət gələcəkdə daha fərdi təkliflər vermək üçün toplanan məlumatları artırmağı planlaşdırır. Hazırlanan kompüter tətbiqi istifadəçinin gördüyü işi izləyəcək və vacib hissələri yadda saxlayacaq. Daha sonra ekranı, dinamiki, kamerası və mikrofonu olan ayrıca “Ambi” cihazı da buraxılacaq. Qurğu ətrafdan məlumat toplayıb uyğun informasiyanı ekranda göstərəcək.    Tətbiqin daim dinləməsi məxfilik və məlumat təhlükəsizliyi ilə bağlı suallar doğurur. Xüsusilə ətrafdakı insanların söhbətin yazıldığını necə anlayacağı hələ bəlli deyil. “Ambi”yə görə, arxa planda məlumat toplama funksiyası əvvəlcədən söndürülür və istifadəçi onu istənilən vaxt dayandıra bilər. Startap səs yazılarını saxlamadığını və məlumatları şifrələdiyini deyir. Ancaq hansı şifrələmə üsulunun seçildiyini açıqlamayıb.    Peter Mo deyib ki, istifadəçilər dinləmə barədə ətrafdakı insanlara xəbər verməlidirlər. Şirkət bu xəbərdarlığı tətbiqin müxtəlif hissələrində göstərir, lakin yazını gizlədən istifadəçinin qarşısını texniki yolla ala bilmədiyini etiraf edir. Hazırda “Ambi”nin San Fransisko, Pekin, Şanxay və Şençjendəki ofislərində 50-dən çox əməkdaş işləyir. Startap satış və bazara çıxış komandası üçün yeni əməkdaşlar, həmçinin nitqin tanınması modelləri üzərində işləyəcək süni intellekt mühəndisləri axtarır.