16:50
Lenovo MWC-də “AI Workmate” konseptini təqdim etdi

Technote.az "The Verge” platformasına istinadən bildirir ki, Lenovo MWC sərgisində bir neçə yeni noutbuk konsepti və real məhsullarla yanaşı, iki süni intellekt əsaslı masaüstü köməkçi konseptini də təqdim edib. Şirkətin məqsədi ofis işçilərinin məhsuldarlığını artırmaq və eyni zamanda onlara fərqli bir “rəqəmsal yoldaş” təcrübəsi təqdim etməkdir.
Lenovo-nun “AI Workmate Concept” adlandırdığı cihaz daim aktiv olan masaüstü köməkçi kimi təsvir edilir. Xarici görünüşcə o, fırlanan baza üzərində yerləşən kiçik robot qolu xatırladır. Qolun uc hissəsində isə ekrana bənzər oval modul yerləşir və burada ifadəli “gözlər” animasiya olunur. Cihaz yerli AI emalı vasitəsilə səsli əmrlərə və jestlərə reaksiya verir. İstifadəçi onu ağıllı assistent kimi idarə edə bilər. Bununla yanaşı, Workmate praktik biznes tapşırıqlarını da yerinə yetirə bilir. Ekranın altında yerləşən kamera vasitəsilə qeydlər və sənədlər skan olunur. Daha sonra sistem:
- sənədlərin xülasəsini çıxarır,
- ideyaları strukturlaşdırır,
- avtomatik şəkildə təqdimat (presentation) hazırlaya bilir.