09:00
Mark Zukerberqdən süni intellekt manifesti: Hər kəsin şəxsi superintellekti olacaq

Meta-nın baş icraçı direktoru Mark Zukerberq süni intellektin gələcəyi ilə bağlı baxışlarını “Gələcək hər kəs üçün” (“The Future is for Everyone”) adlı geniş manifestdə açıqlayıb. Zukerberq gələcəkdə milyardlarla insanın şəxsi superintellektə çıxış əldə edə biləcəyini və süni intellektin təhsildən biznesə, elmdən gündəlik həyata qədər müxtəlif sahələrdə fərdi köməkçiyə çevriləcəyini düşünür.

Meta rəhbərinin fikrincə, ən güclü süni intellekt sistemlərinin yalnız bir neçə şirkətin, hökumətin və ya böyük qurumun nəzarətində cəmlənməsi texnologiyanın yaratdığı imkanların da məhdud sayda aktorun əlində toplanmasına səbəb ola bilər. Buna görə Zukerberq “şəxsi superintellekt” adlandırdığı texnologiyanın mümkün qədər geniş yayılmasını və insanların öz süni intellekt sistemləri üzərində daha çox nəzarətə malik olmasını müdafiə edir.
Zukerberq gələcəkdə insanların yeni şirkətlər yaratmaq, elmi araşdırmalar aparmaq, fərdi təhsil almaq, yeni bacarıqlar öyrənmək və gündəlik qərarlarında kömək almaq üçün şəxsi süni intellekt sistemlərindən istifadə edə biləcəyini proqnozlaşdırır. Meta da bu istiqamətdə öz modellərini və məhsullarını milyardlarla istifadəçi və kiçik biznes üçün əlçatan etməyi hədəfləyir.
Onun fikrincə, bu xidmətlər pulsuz və ya mümkün qədər aşağı qiymətə təqdim edilməlidir. Daha böyük hesablama gücünə ehtiyac duyan istifadəçilər üçün isə dinamik qiymətləndirmə və hətta hərrac mexanizmlərindən istifadə edilə bilər. Məqsəd məhdud hesablama resurslarını daha səmərəli bölüşdürmək və istifadəçilərin ehtiyac duyduqları gücə münasib qiymətlə çıxışını təmin etməkdir.
Meta rəhbəri süni intellektin əmək bazarını dəyişdirəcəyini qəbul etsə də, bunun ümumi məşğulluğun azalması ilə nəticələnəcəyi fikri ilə razılaşmır. Əksinə, Zukerberq insanların daha çox ideyanı reallaşdıra, yeni bizneslər qura və daha məhsuldar ola biləcəklərini düşünür.
Manifestdə təhsilə də xüsusi diqqət ayrılır. Zukerberqin təsvir etdiyi gələcəkdə hər bir insan istənilən mövzuda yüksək səviyyəli biliyə malik, səbirli və tam fərdiləşdirilmiş süni intellekt müəllimindən istifadə edə biləcək. Belə sistemlər şagirdlərin zəif olduğu mövzuları müəyyənləşdirə, böyüklərə isə yeni peşələr, xarici dillər və müxtəlif bacarıqlar öyrənməkdə kömək edə bilər.
Zukerberq bu vizyonun həyata keçirilməsində açıq mənbəli süni intellektin mühüm rol oynayacağını bildirir. Onun fikrincə, superintellekt üzərində nəzarətin məhdud sayda şirkət və qurumda cəmləşməsinin qarşısını almağın yollarından biri texnologiyanı daha açıq və əlçatan etməkdir.
Meta uzun müddətdir açıq süni intellekt modellərini dəstəkləyən şirkətlərdən biri kimi çıxış edir. Bununla belə, şirkət son illərdə qabaqcıl modellər sahəsində rəqibləri ilə ciddi rəqabət aparır. Zukerberq manifestdə bəzi rəqiblərin adını çəkmədən süni intellektin əsasən böyük şirkətlər, hökumətlər və təşkilatlar üçün hazırlanması yanaşmasını tənqid edir.
Manifestin yayımlandığı gün Meta Muse Glimmer adlı yeni açıq modelini də təqdim edib. Modelin fərdi kompüterlərdə işləyə bilməsi nəzərdə tutulur. Tərtibatçılara daha güclü Muse Spark 1.2 modelindən istifadə imkanının da təqdim ediləcəyi bildirilir.
Zukerberq ABŞ-nin süni intellekt sahəsində Çinlə rəqabət qabiliyyətini qoruması üçün enerji istehsalını və texnoloji infrastruktura investisiyaları sürətləndirməyə çağırır. O, həmçinin daha kiçik modellərin güclü modellərin nəticələrindən istifadə etməklə öyrədildiyi model distillasiyası ilə bağlı bəzi məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsini təklif edir.
Meta-nın sürətlə böyüyən məlumat mərkəzi infrastrukturu da manifestdə xüsusi yer tutur. Zukerberq hesab edir ki, böyük məlumat mərkəzlərinin yerləşdiyi ərazilərdə yaşayan insanlar bu investisiyalardan birbaşa fayda əldə etməlidirlər. Meta enerji istehsalı infrastrukturu qurmaqla yerli icmalar üçün daha münasib enerji imkanlarının yaradılmasını nəzərdən keçirir. Şirkət həmçinin 2030-cu ilə qədər fəaliyyət göstərdiyi su hövzələrinə istehlak etdiyindən daha çox su qaytarmağı hədəflədiyini bildirir.
Zukerberq insanların şəxsi superintellektə çıxışını gələcəyin əsas azadlıqlarından biri kimi təqdim edir və məhdudiyyətlərin yalnız zəruri hallarda tətbiq edilməli olduğunu düşünür. Bununla belə, kiber təhlükəsizlik kimi yüksək riskli sahələrdə dövlətlə süni intellekt şirkətləri arasında daha sıx əməkdaşlığın tərəfdarıdır. Onun fikrincə, qabaqcıl süni intellekt laboratoriyaları kritik infrastrukturun qorunması üçün ABŞ hökuməti ilə işləməli, yeni modellərin hazırlanması və öyrədilməsi ilə bağlı müəyyən məlumatları hökumətin qiymətləndirməsinə təqdim etməlidir.
Manifestdə təsvir edilən gələcək kifayət qədər optimist olsa da, Zukerberqin yanaşması bir sıra suallar da yaradır. Milyardlarla insanın çox güclü süni intellekt sistemlərinə çıxışının hansı yeni təhlükəsizlik problemləri yaradacağı, belə sistemlər üzərində effektiv nəzarətin necə təmin ediləcəyi və insanların qərarvermə prosesində süni intellektdən həddindən artıq asılılığının hansı nəticələrə gətirib çıxaracağı hələ açıq məsələlərdir.
Eyni suallar təhsil və şəxsi münasibətlər üçün də keçərlidir. Süni intellektin bir suala dərhal cavab verməsi həmin biliyin insan tərəfindən həqiqətən mənimsənilməsi demək deyil. İnsanların öyrənmə, düşünmə və problemləri müstəqil həll etmə proseslərinin hansı hissəsinin süni intellektə həvalə edilə biləcəyi gələcəkdə daha ciddi müzakirə mövzusuna çevrilə bilər.
Digər tərəfdən, Zukerberqin təqdim etdiyi vizyon Meta-nın kommersiya strategiyası ilə də birbaşa üst-üstə düşür. Milyardlarla insanın gündəlik həyatında şəxsi süni intellekt köməkçilərindən istifadə etdiyi gələcək eyni zamanda Meta-nın bu sahədəki məhsulları üçün nəhəng bazar deməkdir. Buna görə manifest təkcə süni intellektin gələcəyinə dair fəlsəfi baxış deyil, həm də Meta-nın qarşıdakı illərdə hansı istiqamətdə hərəkət etmək istədiyini göstərən strateji sənəd kimi qiymətləndirilə bilər.