Yayımlanan yeni bir hesabatda OpenAI-ın insanabənzər robotlar hazırlamağı nəzərdən keçirdiyi bildirilib. Şirkət hazırda Figure AI və 1X kimi insanabənzər robotlar istehsal edən şirkətlərə mühüm sərmayələr yatırıb.
Texnologiya dünyasının aparıcı adlarından biri olan
OpenAI, süni intellekt modellərində qazandığı uğurları fiziki dünyaya daşıya bilər. Şirkətin insanabənzər bir robot hazırlamaq planlarını araşdırdığı barədə məlumat
The Information tərəfindən yayımlanıb. Məsələ ilə birbaşa məlumatlı olan 2 mənbəyə əsaslanan xəbərə görə, layihənin detalları hələ dəqiqləşməyib və robotun hansı istifadə sahələrini hədəfləyəcəyi hələlik məlum deyil.

Hazırda insanabənzər robotlar hazırlayan startaplar əsasən 2 istiqamətə fokuslanırlar. Birincisi, anbar avtomatlaşdırılmasıdır. Bu robotlar, məhsulların bir yerdən digərinə daşınması kimi işləri daha səmərəli şəkildə yerinə yetirmək üçün nəzərdə tutulub, bəziləri isə birbaşa istehsalatda çalışır. İkinci istiqamət isə ümumi məqsədli istifadə üçün yaradılan robotlardır. Bu robotlar, ev işləri kimi fərdi istifadəçiləri hədəfləyirlər. OpenAI bu sahələrdə fəaliyyət göstərən bir neçə şirkətə sərmayə yatırıb. Fevral ayında şirkət, insanabənzər robotlar hazırlayan
Figure AI-ın
625 milyon dollarlıq investisiya turuna dəstək verib. Figure AI-ın ən son modeli
Figure 02, OpenAI-ın süni intellekt modellərindən istifadə edərək anbar işçilərinin səsli əmrlərini emal edə bilir.
BMW bu robotu ABŞ-dakı fabrikində sınaqdan keçirir.

OpenAI həmçinin Norveçdə yerləşən insanabənzər robot istehsalçısı
1X-ə də sərmayə qoyub. Şirkətin hazırladığı
EVE adlı robot saatda təxminən
16 km sürətə çata bilən təkərli bir modeldir. 1X hazırda daha yavaş, lakin daha geniş vəzifələri yerinə yetirə bilən istehlakçı yönümlü bir robot üzərində çalışır. OpenAI-ın mövcud sərmayələri insanabənzər robot hazırlamaq üçün strateji üstünlük təmin edir. Şirkət bu prosesi sürətləndirmək üçün bir startapla əməkdaşlıq edə və ya yaxınlarda topladığı
6.6 milyard dollarlıq fondun bir hissəsi ilə mövcud bir şirkəti satın ala bilər.

Şirkətin robotika sahəsinə tamamilə yad olmadığı məlumdur.
2021-ci ilə qədər OpenAI, avtonom maşınlar üçün süni intellekt modelləri hazırlayan bir bölməni idarə edirdi. Bu bölmə, Rubik kubunu həll edə bilən robot qolu kimi müxtəlif araşdırma nailiyyətlərinə imza atıb. OpenAI-ın yeni robotika təşəbbüslərinin xüsusi süni intellekt çipləri hazırlamaq səylərindən də faydalana biləcəyi irəli sürülür.
Reuters-in məlumatına görə, OpenAI,
Broadcom və
TSMC ilə xüsusi bir çip üzərində çalışır. Bu çiplər, insanabənzər robotların süni intellekt proqramlarını işlətməsi üçün optimallaşdırıla bilər.