09:42

OpenAI işçisi iclas otağına gizli səs yazan cihaz qoymaqda ittiham edilir

    “OpenAI” şirkətinin məhsul komandasında çalışan Abdulrahman Alfozan rəhbərlərin iclas otağına gizli səs yazan cihaz qoymaqda ittiham olunur. 35 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşının ABŞ-də daimi yaşamaq icazəsi var. O, şirkətdə 2025-ci ilin iyulundan işləyirdi. Alfozan 9 oktyabrda işdən çıxarılıb və saxlanılıb. Ona insanların səsini icazəsiz yazmaq üçün elektron cihazdan istifadə ittihamı irəli sürülüb.OpenAI işçisi iclas otağına gizli səs yazan cihaz qoymaqda ittiham edilir    İstintaqa görə, cihaz ən gec 28 sentyabrda şirkətin San Fransiskodakı ofisinə qoyulub. “OpenAI” onu 30 sentyabrda gizli cihazları axtararkən tapıb. Qurğu tualet kağızına bükülərək televizorun arxasında gizlədilib və USB girişinə taxılıb. Otağı yalnız rəhbərlər və onların köməkçiləri sifariş edə bilirdi. Burada araşdırmalar, məhsullar, biznes strategiyası və dövlət qurumları ilə münasibətlər haqqında məxfi görüşlər keçirilirdi.    Söhbət baş barmaq enində olan “Seeed XIAO ESP32-S3 Sense” adlı kiçik platadan gedir. Qurğu 13,99 dollara satılır (təxminən 24 manat). Platada çıxarıla bilən kamera sensoru, rəqəmsal mikrofon və microSD yaddaş var. Onun 2 MP-lik kamerası 6,99 dollardır (təxminən 12 manat). Kamera bulanıq görüntü çəksə də, səs və digər məlumatlar 2,4 GHz simsiz bağlantı ilə ötürülə bilir. “OpenAI” qurğunun məlumatları şifrələyə və nəzarət sistemlərindən yayınaraq ötürə bildiyini vurğulayıb. Şirkət yaddaş kartındakı məlumatları oxuya bilməyib.OpenAI işçisi iclas otağına gizli səs yazan cihaz qoymaqda ittiham edilir    Prokurorların iddiasına görə, Alfozan bir neçə həftə ərzində rəqəmsal köməkçiyə və süni intellekt çatbotuna gizli qurğunun hazırlanması barədə suallar verib. Həyat yoldaşı ilə əlaqəli hesabda 24 - 30 sentyabr tarixlərində fasiləsiz səs yazmaq, simsiz bağlantı və canlı dinləmə yolları araşdırılıb. Sorğular yaddaş kartının şifrələnməsi və cihaza uzaqdan girişlə də bağlı olub. Alfozan hədəf otaqda hansı görüşlərin planlaşdırıldığını öyrənmək üçün “OpenAI” daxilindəki alətdən də yararlanıb. İttiham tərəfi bu sorğuları cihazın hazırlanması və quraşdırılması ilə əlaqələndirir.OpenAI işçisi iclas otağına gizli səs yazan cihaz qoymaqda ittiham edilir    “OpenAI” cihazın araşdırma üçün yaradılmış dəqiq rəqəmsal surətini süni intellekt modelləri ilə təhlil edib. Şirkət çat yazışmalarını və müşahidə kameralarının görüntülərini də yoxlayıb. Oktyabrın 5-də otaqdakı kamera Alfozanı televizorun arxasına baxarkən qeydə alıb. Gizli cihazın kamerası da həmin anda onun şəklini çəkib. Printer otağında qoyduğu çantadan ikinci şifrəli cihaz və pulqabı tapılıb. Alfozan daha sonra 500 dolların (təxminən 850 manat), kredit kartının və 2 “AirPods” qulaqlığının çatmadığını deyib. Ancaq ikinci cihazdan danışmayıb.    FBI direktoru Kash Patelin sözlərinə görə, iddia edilən məqsəd şirkətin superintellekt texnologiyası haqqında həssas söhbətləri ələ keçirmək olub. Bununla belə, mümkün motiv barədə əlavə məlumat açıqlanmayıb. “OpenAI” süni intellektin necə işlədiyini müəyyən edən model parametrlərinin, mənbə kodunun və müştəri məlumatlarının ələ keçirildiyinə dair əlamət tapmadığını deyir. Günahı sübuta yetirilərsə, Alfozanı 5 ilədək həbs cəzası gözləyir.