techspace

12:18

Özbəkistan fintech mərkəzinə çevrilir: Innovation Hub, vençur fondu və 5 min mütəxəssis proqramı

Özbəkistan Mərkəzi Bankı yeni təşəbbüslərə başlayır. Bu təşəbbüslərdən biri “Fintech Innovation Hub”, ixtisaslaşmış vençur fondu və 5 min gənc mütəxəssisin hazırlanması proqramıdır. Bu barədə Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetov İpək Yolu Maliyyə və Texnologiya Forumunda (Silk Road Finance & Technology Forum) çıxışı zamanı deyib.

“Innovation Hub” 2026-cı ilin dördüncü rübündə ilk rezident qrupunu qəbul etməyə başlayacaq. Platforma fintex startaplarının inkubasiyası, akselerasiyası, tənzimləyici dəstəyin göstərilməsi və pilot həllərin bazara çıxmağa hazırlığının yoxlanılması imkanlarını təqdim edəcək.

“Biz həmçinin ixtisaslaşmış vençur fondu yaratmışıq. Təcrübəli beynəlxalq fond idarəçiləri ilə danışıqlar aparırıq, eyni zamanda daha böyük maliyyələşmə həcmlərinin təmin edilməsi və beynəlxalq birgə investisiyaların cəlb edilməsi məqsədilə “Innovation Hub”dan beynəlxalq miqyasda genişlənməyə birbaşa keçid mexanizmi formalaşdırırıq”, – deyə İşmetov bildirib.

O qeyd edib ki, Mərkəzi Bank ödəniş sistemləri, açıq bankçılıq və əməliyyat dayanıqlılığı sahəsində siyasəti də yeni səviyyəyə çıxarmaq niyyətindədir. İşmetovun sözlərinə görə, əsas normativ çərçivə, idarəetmə modeli və texniki arxitektura artıq formalaşdırılıb.

Digər təşəbbüs 2028-ci ilədək fintex sahəsində 5 min gənc mütəxəssisin hazırlanması proqramı olacaq. İlk qrup cari ilin sonunadək Sinqapur universitetlərinin və GFTA-nın iştirakı ilə hazırlanan proqram çərçivəsində təlimə başlayacaq. Proqram akademik hazırlığı maliyyə texnologiyaları sahəsində praktiki bacarıqlarla birləşdirəcək.