12:02
“Plug and Play” Azərbaycanda: İDDA ilə birgə “Industry Challenge” innovasiya vörkşopu keçirilir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Plug & Play” şirkəti ilə birgə “Industry Challenge” innovasiya vörkşopu təşkil edir. Bu proqram “Plug & Play” şirkətinin Azərbaycanda dövlət müəssisələrində açıq innovasiyanın tətbiqi istiqamətində həyata keçirdiyi təşəbbüslərin genişləndirilməsi istiqamətində baş tutur.
Vörkşopda İnnovasiya və Rəqəmsal İnkişad Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov açılış nitqi ilə çıxış edərək bildirib ki, bu gündən etibarən dövlət və özəl sektorda açıq innovasiyanın tətbiqi ilə bağlı proqramın icrasına başlanılır. Bu təşəbbüs ilkin mərhələdə şirkət və təşkilatlarda tətbiq olunacaq, növbəti mərhələlərdə isə onun dövlət qurumları və digər təşkilatlarda tətbiqi nəzərdə tutulur.
“Vençur maliyyələşməsi və kraudfandinq üzrə yeni qanunvericilik paketi qəbul olunub. Bu da maliyyəyə çıxışı genişləndirərək startaplar üçün yeni imkanlar yaradıb. Açıq innovasiyanın tətbiqi texnologiya şirkətləri üçün yeni imkanlar və gündəlik formalaşdırır. Bu gün hamımızın əsas gözləntisi “Plug and Play” komandası ilə birgə çalışmaq və konkret problemləri müəyyənləşdirməkdir. “Plug and Play”in tərəfdaşları və həmkarları isə texnologiya şirkətlərindən daxil olan təklifləri müəyyən edilmiş problemlərlə uyğunlaşdırmağa, hansı imkanların bu şirkətlərdə tətbiq oluna biləcəyini müəyyənləşdirməyə öz bilik və təcrübələri ilə dəstək verəcəklər”, – deyə F.Osmanov əlavə edib.
“Plug & Play” şirkətinin regional direktoru Alfredo Soria “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopunda çıxışı zamanı deyib ki, əsas məqsəd texnologiya şirkətləri və startaplarla dövlət müəssisələri arasında əməkdaşlığı gücləndirmək və konkret problemlərə innovativ həllər tapmaqdır.
“Bakı Metropoliteni və Azərbaycan Dəmir Yollarının (ADY) real əməliyyat çətinlikləri müəyyənləşdirilərək onların həlli üçün innovativ layihələr və startaplar cəlb olunacaq. İlkin mərhələdə yerli startaplara üstünlük veriləcək, daha sonra regional və qlobal startaplara ehtiyac olsa onlar seçilə bilər”. Bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib.
Taleh Kərimli qeyd edib ki, “Plug & Play” şirkəti ilə birgə keçirilən “Industry Challenge” vörkşopunda Bakı Metropoliteni və ADY-də çalışan ekspertlər və əməkdaşlarla görüşlər keçirilir. Onların əsas çətinlikləri müəyyən edilir. Bundan sonra uyğun texnologiya şirkətləri və startaplar problemin həllinə yönləndiriləcək. Burada qurumların əsas məqsədi əməliyyat çətinliklərini innovasiya, innovativ layihələr və startaplar vasitəsilə həll etməkdir.