16:24
Proqramçı Modern Warfare 2 oyununun kodunu AI ilə 3 aya yenidən qurub

Proqramçı Maurice Heumann süni intellekt agentlərinin köməyi ilə 2009-cu ildə çıxan “Call of Duty: Modern Warfare 2” oyununun mənbə kodunu C++ dilində yenidən qurub. Tapşırıqları özü yerinə yetirən bu sistemlərlə aparılan iş 3 ay çəkib və 600-700 milyard token sərf olunub. Token süni intellektin emal etdiyi mətn parçalarını ölçmək üçün işlədilir. Məqsəd oyunun sabit, dəqiq və bütün funksiyaları işləyən surətini hazırlamaq olub. Sentyabrın 30-da oyun artıq tam oynanılırdı və görünən xətaların çoxu aradan qaldırılmışdı. Layihədə əsasən “Anthropic” şirkətinin “Claude” və “OpenAI” şirkətinin “Codex” agentləri işlədilib. Heumann əvvəlcə “Claude Max 20x” planına qoşulub, daha sonra “Codex Pro” abunəliyini də əlavə edib. İşin böyük hissəsini “Sonnet 5” görüb. Bununla yanaşı, “Opus 5.5”, “Luna”, “Sol” və “Terra” modelləri də layihəyə cəlb olunub. Abunəliklərlə layihənin təxmini xərci 1200 avro (təxminən 2290 manat) olub. API ilə birbaşa istifadə edilsəydi, xərc 200 000-250 000 dollara (340 000-425 000 manat) çata bilərdi. İşə 3 icraçı və nəticələri yoxlayan 1 agentlə başlanıb. Sentyabrın 30-da eyni vaxtda çalışan agentlərin sayı 17-yə çatıb. Tapşırıqlar “GitHub”da bölüşdürülüb, agentlərlə insanlar vahid “Discord” kanalında əlaqə saxlayıblar. Agentlərin əsas məqsəddən yayınmaması üçün təlimatlar hər saat yenidən oxudulub. Tamamlanan funksiyalar da onların yaddaşından daha tez çıxarılıb. İlk ayda yazılan kod səliqəli görünsə də, düzgün işləmirdi. Funksiyaların quruluşunda, məlumat tiplərində və məntiqdə səhvlər vardı. Bəzi hissələri agentlər uydurmuş, digərlərini isə silmişdi. Dəqiq yoxlama meyarları olmadığı üçün nəzarətçi agent problemləri vaxtında tapa bilməyib. Hətta icraçı agentlərin kodda yazdığı şərhlər yeni təlimat kimi qəbul olunub. Bütün şərhlər silindikdən sonra nəticə yaxşılaşıb. Daha sonra orijinal oyunda işlədilən kompilyatora keçilib. Hər funksiyanı hazır icra faylı ilə ən kiçik məlumat vahidi olan bayt səviyyəsində müqayisə edən avtomatik yoxlama sistemi hazırlanıb. Uyğunluq təsdiqlənəndə funksiyanın işi, hətta orijinal oyundakı səhvlər belə eyni qalırdı. Agentlər əvvəlcə aşağı səviyyəli “inline assembly” kodu əlavə edərək və yoxlama skriptini dəyişərək sınaqdan yayınmağa çalışıblar. Buna görə həmin üsullar qadağan olunub. Skriptin dəyişdirilmədiyini yoxlamaq üçün rəqəmsal iz tətbiq edilib. Nəticədə oyundakı funksiyaların 99%-i yenidən yaradılıb. Onların 83%-i orijinal kodla bayt səviyyəsində dəqiq uyğunlaşıb. Heumann qalan 16%-in də eyni nəticəni verdiyini düşünür, amma həmin hissələrin kodu bayt səviyyəsində eyni deyil. Hazırkı versiyanın problemsiz işlədiyi deyilir. Lakin müəllif hüquqlarına görə kod ictimaiyyətə açılmayacaq. Layihə haqqında əvvəl yayımlanan 2 yazı silinib. Sentyabrın 30-da yayımlanan video da hüquq sahibinin şikayətindən sonra bağlanıb. “Activision” məsələni şərh etməyib.
