09:17
Samsung noutbuklar üçün dünyanın ilk 300 Hz OLED ekranını təqdim etdi

Samsung Displey noutbuklar üçün nəzərdə tutulmuş dünyanın ilk 300 Hz yenilənmə tezliyinə malik OLED panelini nümayiş etdirib. Yeni ekran Cənubi Koreyada keçirilən IMID 2026 sərgisində təqdim olunub və əsasən yüksək səviyyəli oyun noutbukları üçün nəzərdə tutulub.

Yeni OLED panel 16 düym diaqonala və 2.5K təsvir ölçüsünə malikdir. Ekranın əsas üstünlüklərindən biri 300 Hz-ə qədər dəyişən yenilənmə tezliyini dəstəkləməsidir. Bu texnologiya ekrandakı məzmuna uyğun olaraq yenilənmə tezliyini dəyişdirərək həm daha axıcı görüntü, həm də enerji sərfiyyatının azaldılmasına imkan verir.
300 Hz göstəricisi xüsusilə rəqabətli oyunlar üçün əhəmiyyətlidir. OLED texnologiyasının yüksək reaksiya sürəti ilə birləşən bu yenilənmə tezliyi sürətli səhnələrdə daha axıcı və aydın görüntü təmin edə bilər.
Samsung Display hələlik panelin parlaqlıq göstəriciləri, enerji sərfiyyatı və digər ətraflı texniki xüsusiyyətlərini açıqlamayıb. Yeni ekranın kütləvi istehsala və kommersiya noutbuklarına nə vaxt gələcəyi də məlum deyil.
Şirkət IMID 2026 sərgisində noutbuk paneli ilə yanaşı yeni nəsil QD-OLED monitor ekranlarını da nümayiş etdirib. Bunlardan biri 31,5 düymlük 4K və 360 Hz QD-OLED paneldir. Samsung Display bu ekranın kütləvi istehsalına 2026-cı ilin ikinci yarısında başlamağı planlaşdırır. Panel FHD rejimində yenilənmə tezliyini hətta 680 Hz-ə qədər yüksəldə bilir.

Digər model isə 34 düymlük, 21:9 formatlı ultra geniş 360 Hz QD-OLED paneldir. Bu ekranın kütləvi istehsalına artıq başlanılıb və ASUS, MSI, Gigabyte daxil olmaqla yeddi qlobal monitor istehsalçısına tədarük edilir.
Yeni 300 Hz-lik noutbuk paneli Samsung Display-in oyun bazarında OLED texnologiyasını daha yüksək yenilənmə tezliklərinə daşımaq strategiyasının növbəti mərhələsi hesab edilə bilər. Şirkətin hazırda kütləvi istehsalda olan noutbuk OLED-ləri maksimum 240 Hz səviyyəsinə çatır.