13:53
Sorğu: Britaniyada işçilər AI əsaslı kibertəhdidlərə hazır deyil

Böyük Britaniyada 1000 nəfər arasında keçirilən sorğu əməkdaşların süni intellektdən (AI) yararlanan kibertəhdidlərə hazır olmadığını göstərib. Son 12 ayda işçilərin 61 faizi heç bir təlim almayıb. Araşdırmaya görə, şirkətlərdə fişinq məktublarını, saxta səs yazılarını və dərin saxta videoları tanımaq üçün yetərli bilik yoxdur. İştirakçıların 22 faizi işlədikləri təşkilatda fişinq məktubları, saxta səsli müraciətlər və AI-la hazırlanan saxta hesab-fakturalara qarşı qaydaların olmadığını deyib. Süni intellekt dil səhvləri az olan, inandırıcı məktublar yaza bilir. Dərin saxta görüntü və səslərlə videozənglərdə və səsli mesajlarda başqa bir şəxsi təqlid etmək olur. Özünə ən az güvənənlər 18 - 24 yaşlı əməkdaşlar olub. Onların 39 faizi AI-la hazırlanan fırıldağa aldanmaqdan narahatdır. Rəqəmsal mühitdə böyüyən gənclər əvvəllər kibertəhlükələri daha asan tanıdıqlarını düşünürdülər. Ancaq AI-la yaradılan məzmunu həqiqidən ayırmaq çətinləşdiyi üçün bu üstünlük zəifləyib. İşçilərin öz biliklərinə inamı vəzifələrinə görə də ciddi fərqlənir. Rəhbər olmayan əməkdaşların yalnız 9 faizi AI-la yaradılmış fişinq məktubunu tanıyacağına tam əmindir. Bu göstərici şirkət sahibləri və tərəfdaşlar arasında 48 faiz, idarə heyəti üzvləri arasında 33 faizdir. Nəticələr adi əməkdaşların risklərə daha zəif hazırlaşdığını göstərir. Təlim keçən əməkdaşların yalnız 25 faizi proqramın məhz AI əsaslı təhlükələrə aid olduğunu deyib. İştirakçıların 30 faizi mövzunun ümumi kibertəhlükəsizlik təlimində yalnız qısa izah edildiyini qeyd edib. Ümumilikdə işçilərin 70 faizi ya heç təlim keçməyib, ya da AI riskləri barədə yalnız başqa təlimin bir hissəsi kimi məlumat alıb. Mütəxəssislər həm AI haqqında əsas biliklərin verilməsini, həm də işçinin vəzifəsinə uyğun ayrıca hazırlıq keçirilməsini daha doğru sayırlar. Belə hücumların nə qədər böyük maliyyə itkisinə səbəb ola biləcəyinə “Fideuram”ın keçmiş sədri Paolo Molesininin başına gələn hadisə nümunə göstərilir. O, inandırıcı fişinq hücumuna aldanaraq xaricə 100 milyon dollardan çox (170 milyon manatdan çox) pul köçürüb. Araşdırmanın nəticəsinə görə, təşkilatlar yalnız kibertəhlükəsizlik problemi ilə üzləşmir. Əməkdaşların yeni texnologiyaların yaratdığı riskləri anlamaması da ciddi təhlükədir.
