01:11
Süni zəka 6 saat ərzində 40 000 növ yeni kimyəvi silah ixtira edib

ABŞ-ın Collaborations Pharmaceuticals adlı əczaçılıq şirkəti yeni dərman preparatlarının axtarışı üçün nəzərdə tutulmuş neyron şəbəkəsini qəddarlıq rejimində işə salıb və bununla da şirkət sübut etmək istəyib ki, süni zəka texnologiyasını insanlara qarşı istifadə etmək çox asandır. Bu təcrübə çərçivəsində neyron şəbəkəsinin hansı sürətlə 40.000 növ yeni potensial kimyəvi silah ixtira etməsindən şirkət mütəxəssisləri heyrətə gəliblər. Süni zəka sisteminin kimyəvi silahları ixtira etməsi üçün Collaborations Pharmaceuticals şirkətinin mühəndisləri sadəcə olaraq süni zəkanın çalışma metodikasını dəyişdiriblər. Nəticədə alqoritmlər toksik kimyəvi birləşmələrdən yan keçmək əvəzinə onların axtarışlarına çıxıblar. Əldə edilmiş kimyəvi birləşmələrdən bəziləri təsir göstəricilərinə görə VX qazına bənzəyiblər. Qeyd etmək lazımdır ki, VX qazı döyüşlər üçün nəzərdə tutulmuş ən toksik zəhərli maddədir. Şirkətin baş elmi əməkdaşı olan Fabio Urbina-nın sözlərinə əsasən dərman preparatlarının süni zəka vasitəsilə yaradılması metodikasında dəyişikliyin edilməsi ideyası onlara Convergence adlı konfransda iştirak etmələrindən sonra gəlib. Bu konfrans İsveçrə Federal Nüvə, Bioloji və Kimyəvi Müdafiə İnstitutu tərəfindən keçirilir. Tədbirin əsas məqsədi Kimyəvi və Bioloji Silahlar Konvensiyasını əhatə edən yeni böyük ixtiralar barəsində məlumatları ictimaiyyətə çatdırmaqdır. Collaborations Pharmaceuticals şirkəti tərəfindən işə salınmış süni zəka modeli uzun illər ərzində aparılmış tədqiqatlar çərçivəsində molekulyar strukturlar və onların toksiklikləri üzrə yığılmış məlumatlar bazası əsasında təlimatlandırılıb.