21:48
Super Yer sinifinə daxil olan planetlərdə həyat növü daha uzun müddət ərzində mövcud ola bilər

Alimlərin apardıqları yeni tədqiqatlara əsasən Super Yer sinifinə (Yer kürəsinin kütləsindən yüksək, lakin Neptunun kütləsindən aşağı kütləyə sahib olan planetlər) daxil olan planetlərdə həyat növü daha stabil maqnit sahələri hesabına inkişaf üçün daha çox zamana sahib ola bilərlər. Qeyd etmək lazımdır ki, maqnit sahələri planetləri kosmik şüalanmadan qoruyan əsas faktordur. Planetlər daimi şəkildə yüklənmiş zərrəciklər tərəfindən hücuma məruz qalırlar. Bu hissəciklər işıq sürətinə yaxın sürətdə hərəkət edirlər. Onlar ulduzlar və ya digər yüksək enerjili obyektlər tərəfindən ifraz edilirlər. Hər hansı bir planet üçün bu cür kosmik şüalanma dəhşətli nəticələrə gətirib çıxarda bilər. Belə ki, hər hansı bir planet müəyyən müddətddən sonra öz atmosferini itirə, səthindəki su isə quruya bilər. Nəticədə orqanizmlərin bu cür mühitdə sağ qalmaları qeyri-mümkündür.
Super Yer tərz planetlərə gəldikdə isə alimlər bir qədər fərqli prosesin olduğunu güman edirlər. Bu cür planetlərdə daha yüksək təzyiq səbəbilə nüvənin ərimə temperaturu fərqlidir. Daha yüksək kütlə sayəsində isə nüvənin soyuma prosesi daha ləng gedir. Tədqiqatçılar bu məsələ ilə bağlı maraqlı təcrübə aparıblar. Onlar 1000 GPa (giqapaskal) təzyiq altında olan dəmir ərintisini müşahidə ediblər. Bu cür təzyiq Yer kürəsinin nüvəsindəki təzyiq göstəricisindən 3 dəfə yüksəkdir. Təcrübə üçün alimlər lazerdən və dəmirin milliqramlıq hissəciyindən istifadə ediblər. Təcrübə nəticələrindən alimlər belə qənaətə gəliblər ki, Super Yer sinifinə daxil olan planetlərin nüvələrinin bərkimələri üçün Yer kürəsinin nüvəsindən fərqli olaraq 30% daha çox zaman lazımdır.