08:49
Tesla-nın robotaksisi 10 dəqiqəlik yolu 70 dəqiqəyə getdi

Tesla-nın Ostində fəaliyyət göstərən sürücüsüz robotaksi xidmətində maraqlı hadisə yaşanıb. Sərnişinlərdən birinin normalda təxminən 10 dəqiqə çəkməli olan səfəri Cybercab ilə 70 dəqiqə davam edib.

Sərnişinin paylaşdığı məlumata görə, avtomobil magistral yoldan istifadə edə bilmədiyi üçün daha uzun alternativ marşrut seçib və şəhər daxilində böyük dövrə vurmalı olub. Magistral yoldan istifadə edilsəydi, eyni məsafəni təxminən 10 dəqiqəyə qət etmək mümkün idi.
Uzun səfərin qiyməti isə təxminən 20 dollar olub. Sərnişinin diqqət çəkdiyi digər məqam Tesla tətbiqinin səfər başlamazdan əvvəl marşrutu və təxmini çatma müddətini göstərməməsi olub. Bu səbəbdən istifadəçi 10 dəqiqəlik yolun 70 dəqiqəyə qədər uzanacağını yalnız səfər zamanı anlayıb.
Problemin əsas səbəbi Tesla-nın Ostindəki robotaksi xidmətinə tətbiq olunan məhdudiyyətlərdir. Mənbədə bildirilir ki, avtomobillər hazırda magistral yollardan istifadə etmir və eyni səviyyəli dəmir yolu keçidlərindən də yayınır. Nəticədə bəzi istiqamətlərdə sistem xeyli uzun alternativ marşrut seçə bilər.
Məsələ təkcə Cybercab ilə məhdudlaşmaya bilər. Tesla-nın Model Y əsasında fəaliyyət göstərən robotaksilərində də oxşar yanaşmadan istifadə edildiyi üçün müəyyən marşrutlarda sərnişinlər daha uzun səfərlərlə qarşılaşa bilərlər.