17:24

Ukrayna SpaceX-i hərbi peyk internetini məhdudlaşdırmaqda ittiham etdi

    Ukrayna rəsmiləri oktyabrın 14-də “SpaceX” şirkətini ölkədə hərbi əməliyyatlar üçün işlədilən peyk internetini məhdudlaşdırmaqda ittiham ediblər. Məhdudiyyət hərəkətdə olan hərbi “Starshield” terminallarına aiddir və 160 km/saatdan yüksək sürətdə onların işləməsinə mane olur. Prezident müşaviri Serhiy Beskrestnov deyib ki, qərarla bağlı əvvəlcədən xəbərdarlıq edilməyib və buna görə bir neçə missiya pozulub.Ukrayna SpaceX-i hərbi peyk internetini məhdudlaşdırmaqda ittiham etdi    “Starshield” terminalları dronlara və digər hərbi nəqliyyat vasitələrinə quraşdırılır. Onlar hərəkət zamanı sürətli internet bağlantısı yaradır, operatorlar da dronları real vaxtda idarə edə bilirlər. Sistem Ukraynanın işğal altındakı cənub və şərq bölgələrində Rusiya logistikasına zərbələr endirilməsində mühüm rol oynayıb. Cənub-şərq cəbhəsində döyüşən 7-ci Sürətli Reaksiya Korpusu məhdudiyyətə görə bir neçə missiyanı ləğv etdiyini təsdiqləyib.    Korpusun müşahidələrinə görə, dronlar 110-120 km/saat sürətlə uçarkən internet bağlantısı 10-20 saniyə kəsilə bilir. Dronlar uçuşu davam etdirsə də, bu fasilələr onların idarəsini çətinləşdirir. Könüllü Serhiy Sternenko hərbçilərə istinadən deyib ki, bağlantı artıq 60-70 km/saat sürətdə də kəsilir. Müdafiə Nazirliyindəki mənbələr də məhdudiyyətin logistika və dron əməliyyatlarına mane olduğunu deyiblər.    “SpaceX” sürət məhdudiyyətinin səbəbini açıqlamayıb. Ukrayna rəsmiləri qərarın qəsdən verildiyini düşünürlər. Çünki məhdudiyyət Vaşinqtonun Rusiya neft emalı zavodlarına uzaqmənzilli dron zərbələrini dayandırmaq tələbi ilə eyni vaxta düşüb. ABŞ Prezidenti Donald Tramp enerji sahəsində atəşkəsə çağırdıqdan sonra bu təzyiq artıb. Elon Musk da şənbə günü “X” platformasında Volodimir Zelenskinin həddi aşdığını yazıb.    “Starlink” 2022-ci ildə başlayan genişmiqyaslı işğaldan bəri Ukraynanın cəbhədə əsas rabitə vasitələrindən biridir. Xidmət tam dayandırılsa, ölkənin ön xətdəki müdafiəsi ciddi şəkildə zəifləyə bilər. ABŞ bu müddətdə Ukraynaya milyardlarla dollarlıq birbaşa hərbi yardım göstərib. Ukraynanın müdafiə texnologiyaları şirkəti “Stetman” da “SpaceX”dən asılılığı azaltmaq üçün “UASAT-NANO” adlı yerli peyk rabitəsi sistemi hazırlayır.