15:58
Vision Pro layihəsinin rəhbəri Apple ilə yollarını ayırıb

Apple-ın qarışıq reallıq məhsulu olan Vision Pro layihəsinə rəhbərlik edən vitse-prezident Paul Meade şirkətdən ayrılaraq OpenAI-nin aparat bölməsinə qoşulur.
Məlumata görə, Paul Meade yalnız Vision Pro layihəsinə deyil, həm də Apple-ın gələn il təqdim etməyi planlaşdırdığı süni intellekt dəstəkli ağıllı eynəklərin hazırlanmasına rəhbərlik edib. Vision Pro satış baxımından Apple-ın gözləntilərini tam doğrultmasa da, şirkət daha əlçatan qiymətə malik ağıllı eynəklərlə Meta-nın geyilə bilən cihazlar bazarındakı üstünlüyünə cavab verməyə çalışır. Bu ayrılığın əsas səbəblərindən biri Apple daxilində gözlənilən rəhbərlik dəyişiklikləri və aparat komandasında aparılan yenidənqurma prosesidir. İddialara görə, şirkətin bəzi vitse-prezidentləri bu dəyişiklikləri faktiki olaraq vəzifələrinin aşağı salınması kimi qiymətləndirirlər. Digər tərəfdən, OpenAI son dövrlərdə aparat məhsulları istiqamətində fəaliyyətini sürətlə genişləndirir. Şirkət artıq Apple-ın keçmiş baş dizayneri Jony Ive ilə birlikdə yeni süni intellekt cihazı üzərində çalışır. OpenAI-nin baş direktoru Sam Altman bu məhsulun smartfonlardan daha "sakit və rahat" bir texnologiya təcrübəsi təqdim edəcəyini desə də, ötən il yayılan məlumatlar layihənin hələ də müəyyən çətinliklərlə üzləşdiyini göstərir.