techspace

09:11

Yeni nəsil Kia Sportage görüntüləri sızdı: Dizayn tamamilə dəyişə bilər

Kia yeni nəsil Sportage üzərində işləməyə başlayıb. Hələ ağır kamuflyaj altında sınaqdan keçirilən avtomobilin ilk prototipləri yollarda görüntülənib. Fransanın Auto-Moto nəşri casus fotolar əsasında yeni Sportage-ın mümkün görünüşünü əks etdirən renderlər hazırlayıb.

İlkin görüntülərə əsasən, yeni Sportage hazırkı modelin mürəkkəb kuzov xətlərindən uzaqlaşaraq daha düz və bucaqlı dizayna keçə bilər. Avtomobilin görünüşünün Kia-nın yeni elektrikli modellərinə yaxınlaşdırılması gözlənilir. Buna baxmayaraq, Sportage tam elektrikli modelə çevrilməyəcək.

Ən böyük dəyişikliklər ön hissədə gözlənilir. Şaquli gündüz işıqlarının kapotun kənarından bamperin aşağı hissəsinə qədər uzanacağı, əsas faraların isə nazik və üfüqi formada yerləşdiriləcəyi bildirilir. Daxiliyanma mühərrikli versiyalarda böyük radiator barmaqlığının qorunacağı gözlənilir.

Yan hissədə iri təkər tağları və kuzov boyunca uzanan qoruyucu elementlər diqqət çəkir. Demək olar ki, şaquli yerləşdirilən arxa sütun isə avtomobilə daha klassik SUV görünüşü verir. Bununla belə, prototip ciddi şəkildə kamuflyaj edildiyindən renderlər seriyalı Sportage-ın yekun dizaynını dəqiq göstərmir.

Hazırkı beşinci nəsil Kia Sportage 2021-ci ildə təqdim olunub və daha sonra ciddi yenilənmədən keçib. Yeni prototiplərin sınaqlara başlaması Kia-nın artıq növbəti nəsil üzərində işlədiyini göstərsə də, şirkət avtomobilin dizaynı, texniki xüsusiyyətləri və təqdimat tarixi barədə hələ rəsmi məlumat verməyib.

Yeni Sportage-ın benzin və hibrid mühərrik variantları ilə təklif ediləcəyi gözlənilir. İlkin məlumatlara görə, model 2027-ci ildə təqdim oluna bilər. Bu baş verərsə, avtomobilin Münhen Avtomobil Sərgisində nümayiş etdirilməsi, satışların isə 2028-ci ilin ilk aylarında başlaması mümkündür.