12:23
16 GB-lıq Raspberry Pi 5 kompüteri yenidən bahalaşdı: 650 manat oldu

“Raspberry Pi” şirkəti 16 GB yaddaşlı “Raspberry Pi 5” modelinin qiymətini yenidən artırıb. Noyabrda model 80 dollar (təxminən 140 manat) bahalaşıb. Yeni qiymət 385 dollar (təxminən 650 manat) olub. Bu kiçik kompüter lövhəsi 2025-ci ilin yanvarında 120 dollara (təxminən 200 manat) satışa çıxmışdı. Beləliklə, yeni qiymət ilkin qiymətin 3 qatından çoxdur. Bahalaşma birdəfəlik olmayıb, 2025-ci ilin dekabrından bəri mərhələlərlə davam edib. Həmin vaxt qiymət 145 dollara (təxminən 250 manat) qalxıb. 2026-cı ilin fevralında model daha 60 dollar (təxminən 100 manat) bahalaşıb. Apreldə qiymətə daha 100 dollar (təxminən 170 manat) əlavə olunub. Noyabrdakı son dəyişiklik əvvəlki qiymətlə müqayisədə təxminən 26% artım deməkdir. Şirkətin baş direktoru Eben Upton bahalaşmanın əsas səbəbi kimi 16 GB DRAM yaddaşı üçün alternativ tədarükün olmamasını və digər hissələrin çatışmazlığını göstərib. DRAM cihaz işləyərkən məlumatların müvəqqəti saxlandığı operativ yaddaşdır. “Raspberry Pi” 2026-cı il ərzində yeni yaddaş təchizatçılarını yoxlasa da, böyük yaddaşlı modellər üçün seçim hələ də azdır. Eyni qiymət dəyişikliyi ilə 16 GB yaddaşlı “Compute Module 5” də 40 dollar (təxminən 68 manat) bahalaşıb. “Raspberry Pi 500+” modelinin qiyməti dəyişməyib. LPDDR4 yaddaşının qiyməti son 1 ildə 7 dəfə yüksəlib. 8 GB yaddaşlı “Raspberry Pi 5” hazırda 175 dollara (təxminən 300 manat) satılır. 16 GB modeldə əlavə yaddaş üçün qiymət fərqi 210 dollardır (təxminən 360 manat). Yəni əlavə 8 GB yaddaşın qiyməti bütöv 8 GB modeldən də yüksəkdir. “Raspberry Pi 500+” cəmi 25 dollar (təxminən 43 manat) bahadır. Bu modeldə eyni prosessor və yaddaşla yanaşı, 256 GB NVMe SSD və mexaniki klaviatura da var. Daha ucuz lövhəni alıb yaddaşı sonradan artırmaq olmur. Çünki proqram təminatı ilkin yaddaş tutumunun dəyişdirilməsinə icazə vermir. Bahalaşmaya baxmayaraq, “Raspberry Pi 5” modelinin birbaşa satışları son 6 ayda 47% artıb. 8 GB versiyalara tələbat da yüksəlib. Eben Upton alıcılara ehtiyaclarından artıq yaddaş üçün pul ödəməməyi, daha az yaddaşlı versiyalara və ya köhnə modellərə baxmağı məsləhət görüb. Şirkət proqramların istifadə etdiyi yaddaşı azaltmağı da çıxış yollarından biri sayır. Qiymətləri süni şəkildə artıran satıcılardan yayınmaq üçün məhsulu yalnız təsdiqlənmiş tərəfdaşlardan almaq məsləhətdir. Şirkət qiymət artımlarının müvəqqəti olduğunu deyir. Yaddaş xərcləri azalanda qiymətlərin də aşağı salınacağı açıqlanıb. Ancaq yeni tədarükün 2028-ci ildən əvvəl nəzərəçarpacaq həddə çatacağı gözlənilmir. Bəzi istehsalçılar qıtlığın 2030-cu ilədək davam edə biləcəyini düşünür. Başlanğıc modellərin qiyməti hələ dəyişməyib. 1 GB yaddaşlı “Raspberry Pi 4” 35 dollara (təxminən 60 manat) satılır. Eyni yaddaş tutumlu “Raspberry Pi 5” modelinin qiyməti 45 dollardır (təxminən 77 manat).
