18:13

ABŞ Konqresi NVIDIA rəhbərini Çin casusluğu ilə bağlı qapalı görüşə çağırdı

    ABŞ Konqresi “NVIDIA”nın baş direktoru Jensen Huangı Çin casusluğu ilə bağlı iddialara görə qapalı görüşə çağırıb. ABŞ rəsmiləri düşünür ki, “Megaspeed” şirkətində çalışan Alice Huangı Çin Dövlət Təhlükəsizliyi Nazirliyi cəlb edib. İddiaya görə, onun işi Jensen Huang haqqında məlumat toplamaq olub. Onların romantik münasibətinin olduğu da ehtimal edilir. Soyadları eyni olsa da, aralarında qohumluq yoxdur.ABŞ Konqresi NVIDIA rəhbərini Çin casusluğu ilə bağlı qapalı görüşə çağırdı    İddialara əsasən, Çin bu yolla ABŞ-nin süni intellekt planları haqqında məlumat almaq istəyib. Alice Huangın Jensen Huanga təsir göstərərək qabaqcıl çiplərin Çinə satışına icazə verilməsinə kömək edəcəyi də gözlənilib. Jensen Huang dünyanın aparıcı süni intellekt çipi istehsalçılarından birinə rəhbərlik edir və Vaşinqtonun qərarlarına təsir edə bilən şəxs sayılır. O, daha əvvəl Donald Trumpı bəzi çip modellərinin Çinə satışına razı salmışdı.    Qapalı görüş təşəbbüsü Nümayəndələr Palatasının Çin, Xarici İşlər və Kəşfiyyat komitələrinin sədrləri John Moolenaar, Brian Mast və Rick Crawforddan gəlib. Onların fikrincə, bu iddialar ABŞ texnologiyalarının və məlumatlarının Çinin əlinə keçməsi baxımından ciddi təhlükə yaradır. Görüşdə “NVIDIA”nın xarici casusluğa qarşı təhlükəsizlik qaydaları müzakirə ediləcək. Jensen Huangın Alice Huang ilə əlaqələri barədə də suallar veriləcək.    Məlumata görə, Jensen Huanga xarici casusluğun hədəfi ola biləcəyi barədə əvvəlcədən xəbərdarlıq edilməyib. Donald Trumpın məsələ haqqında məlumat aldığı, amma heç bir addım atmadığı iddia olunur. Bunun nə vaxt baş verdiyinə dair məlumatlar fərqlidir. Bir iddiaya görə, Trump Jensen Huang və Elon Musk ilə bu ilin əvvəlində Pekinə getməzdən qabaq xəbərdar edilib. Digər versiyada bunun təxminən 1 il əvvəl baş verdiyi deyilir.    “Megaspeed” “NVIDIA”nın iri müştərilərindən biri olub və şirkətdən milyardlarla dollar dəyərində süni intellekt çipləri alıb. Şirkət Cənub-Şərqi Asiyada məlumat mərkəzləri qurub, onların hesablama gücünü “Alibaba”ya icarəyə verib. ABŞ Ticarət Nazirliyi 2024-cü ildən “Megaspeed”i 2 milyard dollar (təxminən 3,4 milyard manat) dəyərində qabaqcıl çipləri qaçaqmalçılıq yolu ilə Çinə çatdırmaqda ittiham edir. “NVIDIA” isə daxili araşdırma zamanı qanun pozuntusunu göstərən sübut tapmadığını açıqlayıb.    Sinqapur hakimiyyəti “Megaspeed”lə bağlı araşdırmaya başlayıb və Alice Huangı sorğu-sual edib. Rəsmi açıqlamaya görə, araşdırma onun Jensen Huang və ya Çinlə mümkün əlaqələrinə yönəlməyib. Sinqapur xarici ölkələrin birtərəfli ixrac məhdudiyyətlərini tətbiq etmədiyini də deyib. Ölkədə kommersiya dələduzluğu işi üzrə 4 şirkət və 4 nəfərə ittiham irəli sürülüb. Onları 20 ilədək həbs cəzası gözləyə bilər. Tayvan hakimiyyəti də Alice Huangın səfərlərini araşdırır. Məlumata görə, o, fiziki nəzarət altındadır.    “NVIDIA” rəhbərlərin müştərilərlə görüşməsini adi iş prosesinin bir hissəsi adlandırıb. Şirkətin sözlərinə görə, Jensen Huang hər il minlərlə müştəri şirkətin rəhbəri ilə danışır. Regional bulud xidməti müştəriləri yalnız adi kommersiya məlumatları alır, onlarla həssas ticarət sirləri paylaşılmır. ABŞ uzun müddətdir “NVIDIA” və “AMD”nin ən qabaqcıl süni intellekt çiplərinin Çinə ixracını məhdudlaşdırır.