17:07

AI musiqi cihazları üçün proqram hazırlığını aylardan günlərə endirib

    “Vibe coding” adlanan yanaşmada kod süni intellektin köməyi ilə hazırlanır. Bu üsul musiqi cihazlarını dəyişdirməyi xeyli sürətləndirib. Həvəskarlar böyük dil modellərindən yararlanaraq sintezator, sempler və ritm cihazları üçün fərdi daxili proqramlar yazırlar. Əvvəllər həftələr və ya aylar çəkən sadə əlavələr indi bir neçə günə hazır olur.    Bu yeniliklərin mərkəzində 70 dollarlıq (təxminən 120 manat) “M-Vave FM-1” sintezatoru dayanır. “Yamaha DX-7”nin ucuz bənzəri kimi satılan cihaz klassik FM səslərini təkrarlaması ilə populyarlaşıb. Hazırda onun üçün “Felucca”, “Sloop” və “x0x” daxil olmaqla onlarla fərdi proqram var. Layihələrin bir çoxunda kodun “Claude”un köməyi ilə hazırlandığı açıq şəkildə qeyd olunur. Bu proqramlarla cihazda virtual analoq səslər yaratmaq, sempl səsləndirmək və bir neçə səs kanalını ardıcıl idarə etmək olur.    Son 1 ayda “Elektron” şirkətinin “Digitone”, “Octatrack” və “Digitakt” cihazları üçün də yeni funksiyalar hazırlanıb. Siyahıya “Roland SP-404 MKII”, “Ableton Push 3”, “Move”, “Akai MPC Live”, “MPC One” və köhnə “MPC 2000” daxildir. “Novation Circuit”, “Arturia MicroFreak” və 14 yaşlı “Zoom Multistomp” pedal seriyası üçün də fərdi proqramlar yayılıb. Bu layihələrin bir hissəsində kodun yazılmasına “Claude” kömək edib.    Roman Rusinov 2012-ci ildə çıxan büdcəli “Zoom MS-70CDR” effekt pedalını daha funksional modelerə çevirib. Cihaz artıq “NAM A2 Lite” yazılarını və fərdi impuls cavablarını işlədərək köhnə gücləndiricilərin səsini təqlid edir. “Modded Cycles” layihəsində də “Claude Code”un köməyi ilə “Elektron Model:Cycles” cihazına USB üzərindən 6 kanallı səs funksiyası əlavə olunub. Sonradan layihəyə icma da qoşulub və cihazı “Model:Samples” kimi işlətmək mümkün olub.    Ancaq bu sürətli inkişaf müəyyən risklər yaradır. Fərdi proqramlar istehsalçının rəsmi versiyaları qədər geniş sınaqdan keçməyə bilər. Səhv quraşdırma cihazı işləməz vəziyyətə sala bilər. “Elektron” forumlarında belə proqramlara keçid paylaşmağı qadağan edib. Şirkətin xəbərdarlığına görə, dəyişikliklər sonrakı rəsmi yeniləmələr zamanı ciddi problemlər yarada bilər. “Modded Cycles” müəllifi də yeni funksiyaların hazırlanmasına fasilə verib. O, hazırkı kodu təkmilləşdirməyi və xətaları aradan qaldırmağı planlaşdırır.    “M-Vave” bu icmaya daha açıq yanaşır. Şirkət əlavə funksiyaları olan açıq mənbəli “FM1 Open” proqramını, proqram hazırlama dəstini və quraşdırma alətini elan edib. Süni intellektlə hazırlanan musiqi plaginləri və bəzi yeni cihazlar tənqid olunsa da, köhnə avadanlıqlara yeni funksiyalar əlavə edən fərdi proqramlar daha müsbət qarşılanır. Buna baxmayaraq, istifadəçilər qeyri-rəsmi proqram quraşdırarkən cihazın sıradan çıxa biləcəyini nəzərə almalıdırlar.