12:25

Anthropic-də başlanğıc səviyyəli texniki işçilərin payı 14%-ə enib

    “Anthropic” şirkətinin cümə günü açıqladığı hesabat göstərir ki, son 1 ildə əməkdaş heyəti və iş üsulları ciddi dəyişib. 2025-ci ilin əvvəlindən başlanğıc səviyyəli əməkdaşların texniki işçilər arasındakı payı 21%-dən 14%-ə enib. Texniki vəzifələrə yeni qəbul olunanlar arasında belə mütəxəssislərin payı daha kəskin azalaraq 27%-dən 9%-ə düşüb.    Texniki komandaların şirkətin ümumi işçi sayındakı payı da 61%-dən 56%-ə enib. “Anthropic” bunu şirkət böyüdükcə biznes bölmələrinin genişlənməsi ilə izah edir. Digər səbəb kod yazmağa kömək edən alətlərin texniki biliyi olmayan əməkdaşlara da proqram hazırlamaqda kömək etməsidir. Nəticədə texniki olmayan vəzifələrin şirkətdəki payı artıb.    Hesabata görə, şirkət daxilində “Claude” istifadəsini mümkün qədər tez genişləndirmək üçün əməkdaşlara davamlı təzyiq göstərilir. 2026-cı ilin aprelində keçirilən sorğuda iştirakçıların 27%-i “Claude” sayəsində daha məhsuldar işlədiyini deyib. 20%-i isə işinin tapşırıqları birbaşa yerinə yetirməkdən çox, “Claude” sistemlərini idarə etməyə çevrildiyini qeyd edib. Əməkdaşlardan biri bu prosesi eyni anda çoxsaylı uşağa nəzarət etməyə bənzədib.    Hesabatda insan diqqəti və qərarvermə bacarığı məhsuldarlığı məhdudlaşdıran yeni amil kimi göstərilir. “Claude” böyük həcmdə mətn hazırlayır, əməkdaşlar da bu materialları oxuyub qaydaya salırlar. Bununla yanaşı, şirkətin məlumatına görə, hər əməkdaşa düşən kod həcmi artıb. Satış nümayəndələrinin tamamladığı satışların və üzərində işlənən müqavilələrin sayı da çoxalıb. “Anthropic” daha çox kodun həmişə daha yaxşı nəticə vermədiyini qəbul edir, ancaq kodun keyfiyyətinin zəiflədiyini göstərən əlamət tapmadığını deyir.    Təqvim məlumatları əməkdaşların görüşlərə ayırdığı vaxtın ötən illə müqayisədə 20% artdığını göstərir. Texniki mütəxəssislərdə bu artım 16%-dir. Şirkət bunu süni intellekt (AI) alətlərinin geniş yayılmasına baxmayaraq, insanlar arasında etimadın və şəxsi məsuliyyətin hələ də vacib qalması ilə izah edir. Əməkdaşlar birbaşa ünsiyyət və görüşlərin işləri uzlaşdırmaq üçün başqa üsullarla tam əvəz edilə bilmədiyini dəfələrlə vurğulayıblar.